Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda görüş keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvü Bəhruz Quliyev, rayon seçki qərargahının üzvləri Əli Kərimov, Duman Zeynalov, Sevda Alxasova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 2024-cü ilin gəlişilə müstəqil Azərbaycanın həyatında yeni bir səhifə açılır. Ötən illərlə müqayisədə bu il ilk dəfə olaraq bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu da şanlı tariximizə daha bir uğur kimi yazılacaq.
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev respublikaya rəhbərliyə başladığı dövrdən dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran , böyük şəxsiyyət və siyasi xadim olduğunu Azərbaycan naminə gördüyü işlərlə doğrultdu. Cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə xalqın inam, ümid yerinə çevrilən, beynəlxalq aləmdə böyük nüfuz qazanan cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli müraciətlərində strateji prioritetləri müdrikcəsinə, ölkə daxili, geosiyasi və qlobal hadisələrlə müqayisə edir, nəyi, nə vaxt və necə edəcəyini qətiyyəti ilə dəqiq müəyyənləşdirir.
Görüş zamanı qeyd edilib ki, 2024-cü il fevral 7-də keçirilən seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən zorla, məcburi halda köçkün vəziyyətinə salınan azərbaycanlıların bir hissəsi müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında, evlərində – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatdı.
Anar Əliyev