Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 Yanvar tariximizin şanlı səhifəsidir

20 Yanvar tariximizin şanlı səhifəsidir


Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Tökdüyü qanlara görə dünya birliyi tərəfindən Nobel Sülh ödülü ilə mükafatlandırılmış ermənipərəst sovet lideri, keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun əmri ilə təcavüzkar sovet ordusu tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş amansız 20 Yanvar qırğınından 34 il ötür.

20 Yanvar qırğınını törətmək Moskva tərəfindən Azərbaycanda milli azadlıq hərəkatının güc yolu ilə yatırılmasına hesablanmışdı. Ona görə də keçmiş SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi planı həyata keçirildi. Tərkibində muzdlu erməni cəlladlarının çoxluq təşkil etdiyi mənfur sovet qoşunlarının törətdiyi bu qətliam nəticəsində Bakı və Sumqayıt şəhərlərində, habelə Lənkəran və Neftçalada 150 nəfər dinc sakin həlak oldu, daha 744 nəfər soydaşımız ağır yaralandı, 4 nəfər isə itkin düşdü. Yaralananların əksəriyyəti qadınlar, uşaqlar, qocalar, tibb işçiləri və polis əməkdaşları idi.

Mixail Qorbaçov başda olmaqla, qatil sovet rəhbərliyi zənn edirdi ki, separatçı ermənilərin istəklərini təmin etmək məqsədilə törətdikləri bu amansız qətliam bizim xalqımızın gözünü qorxudacaq, onun mübarizə əzmini qıracaq və beləliklə də Azərbaycanda azadlıq hərəkatına son qoyulacaq. Lakin onların məkrli gözləntiləri özünü doğrultmadı. Tam əksinə, xalqımız sübut etdi ki, o, öz azadlığı uğrunda ölümə belə hazırdır. Sovet cəlladları və bütün dünya da gördü ki, biz ölümə meydan oxuyanlardanıq. Bəli, qanlı 20 Yanvar gecəsi Azərbaycan xalqı bir daha öz mübariz xarakterini bütün dünyaya göstərdi.

Bu qətliam nəticəsində Qorbaçov xuntasının da, onu dəstəkləyən bəzi dünya liderlərinin də iç üzü açıldı. Qətliamdan dərhal sonra, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın dərdinə şərik oldu və orada çıxış edərək xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti cəsarətlə ifşa etdi. Heydər Əliyevin həmin tarixi çıxışı sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa və Azərbaycanda törədilən dəhşətli qırğın barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırmağa kömək etdi.

Milli birliyimizin və azadlıq mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar hadisələri qırmızı sovet imperiyasının laxlamasında mühüm rol oynadı və eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə aparan yolda həlledici dönüş nöqtəsi oldu. Bu qətliam Azərbaycan xalqının sovet müstəmləkə buxovlarından qurtulmasına və milli kimlik şüurumuzun yenidən bərpa olunmasına da əvəzsiz təsir göstərdi. Biz hamıya göstərdik ki, ölümə hazır olmayan xalq heç vaxt azadlığını qazana bilməz.

Ona görə də 20 Yanvar təkcə hüzn günü deyil, həm də qürur günümüzdür, tariximizin şanlı səhifəsidir. Biz bu gün Qüdrətli və Qalib Azərbaycanımızın böyük nailiyyətləri ilə qürur duyarkən, xalqımızın müstəqillik uğrunda, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda mübarizə apardığı şərəfli mübarizə yoluna da fəxrlə nəzər salır və tarixə adlarını qızıl hərflərlə yazdırmış bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Allah şəhidlərimizin ruhunu şad etsin. Müstəqil və Qalib Azərbaycanımız əbədi var olsun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş