Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kitab nəşr edilib

Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət kitab nəşr edilib


Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Piano əsərləri” adlı kitab nəşr olunub.

Newscenter.az bildirir ki, “Report”un Ankara bürosunun xəbərinə görə, kitabı Ankara Dövlət Opera və Balet Teatrının əməkdaşı, peşəkar fortepiano sənətçisi, həmyerlimiz Nailə Əhmədova tərtib edib.

Onun sözlərinə görə, Türkiyədə Azərbaycan bəstəkarlarının, klassiklərinin əsərləri həddən artıq çox sevildiyi üçün belə bir vəsaitə ehtiyac yaranıb:

“Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının musiqilərinin hər biri möhtəşəmdir və bu əsərlər qardaş Türkiyədə çox sevilir. Musiqilərimiz qulağa xoş gəlir, ürəkaçandır, tələbələr tərəfindən asan mənimsənir. Aralarında çətin mənimsənən musiqilərimiz də var, amma o musiqilərimizin də dinləyici auditoriyası Türkiyədə çoxdur”.

Ona görə N.Əhmədova da üç-dörd il öncə belə bir fikir formalaşıb ki, bu musiqiləri hazırlayıb, tələbələrinə dərs vəsaiti olaraq təqdim etsin: “Çünki mütəmadi olaraq notların surətini çıxarıb tələbələrə paylayırdım. Doğma Türkiyəmizdə bu qədər ehtiyac olduğu halda nədən belə bir tərtibat olmasın, bizdən də bir xatirə qalsın, deyə düşündüm və nəhayət kitab ərsəyə gəldi. Zəngin bir repertuar seçilib. Kitabda Azərbaycandan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzəyev, Yevgeniya Perevertaylonun əsərləri yer alıb. Kitabın sonu da Üzeyir Hacıbəylinin “Yaxşı yol” əsəri ilə bitir”.

N.Əhmədovanın sözlərinə görə, Türkiyədə ilk dəfədir fortepiano ifası tələbələri üçün hazırlanan bu dərs vəsaiti musiqi ictimaiyyəti üçün də olduqca maraqla qarşılanıb: “Ümid edirəm ki, müvafiq qurumlar, xeyirsevər azərbaycanlılar bundan sonrakı nəşrlərin daha geniş tərtibatda və tirajda yayılmasına, azərbaycanlı musiqiçilərimizin qardaş Türkiyədə çox geniş təbliğinə öz dəstəklərini verəcəklər”.

O bildirib ki, kitab Türkiyədən başqa Fransada, İtaliyada, ABŞ-də, Almaniyada da marağa səbəb olduğuna görə, o ölkələrdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət tərtibatla bağlı təşəbbüslər var: “Qara Qarayevin İstanbulda yaşayan qızı Züleyxa Bağır Qarayeva, bəstəkar İlyas Mirzəyev, istedadlı fortepiano sənətçisi İslam Manafov, tanınmış italyan pianist və pedaqoq Aldo Ragone belə bir fikri dəstəklədilər. Onu da deyim ki, Türkiyə də daxil olmaqla dünyanın hər yerində erməni bəstəkar Aram Xaçaturyanın piano əsərləri yayılıb. Amma nə üçün dahi Üzeyir Hacıbəylinin əsərləri başqa ölkələrdə yayılmasın? İngiliscə və başqa dillərə kitab tərtib edilə bilər. Bu istiqamətdə təşəbbüslər də var”.

Kitabda müəllifin özünə məxsus tədris metodu da yer alıb. N.Əhmədova deyib ki, hazırda Türkiyədə azyaşlılar, gənclərlə yanaşı, yaşı 40-dan çox olan və Azərbaycan musiqilərinə böyük maraq göstərən, fortepiano dərsləri almaq istəyənlərin də sayı artmaqdadır: “Məqsədim budur ki, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin böyük səhnələrində zövqlə ifa edilsin və insanların əhval-ruhiyyəsini oxşasın”.

Qeyd edək ki, N.Əhmədova peşəkar musiqiçi olaraq 1994-cü ildən Bakıdan Ankaraya dəvət edilib, Hacettepe Universiteti nəzdində Dövlət Konservatoriyasında fortepiano dərslərini tədris edib, 2000-ci ildən isə Ankara Dövlət Opera və Balet Teatrında balet pianoçusu olaraq çalışır. O, mütəmadi olaraq öz təşəbbüsü ilə Azərbaycan musiqilərini təbliğ edən rəngarənk proqramlar təqdim edir. “Piano əsərləri” də müəllifin öz vəsaiti hesabına işıq üzü görüb.

N.Əhmədova kitabın nəşrində əməyi olan “Arkadaş” Kitab Evinə də təşəkkürünü bildirib.
Xəbəri paylaş