Estoniyada təhsil işçilərinin etiraz aksiyasına çıxması ölkənin təhsil sistemini iflic vəziyyətə salıb.
Newscenter.az Estoniya mediasına istinadən bildirir ki, təhsil işçiləri maaşlarının artırılmasını tələb edirlər.
Estoniya Təhsil İşçilərinin Həmkarlar İttifaqının (ESL) təşkilatçılığı ilə baş tutan aksiyaya 10 minə yaxın məktəb müəllimi qoşulub.
“Tətil göstərir ki, hökumət güzəştə getmək və siyasi vədlərini yerinə yetirmək istəmir. Yaranmış vəziyyət təhsil sahəsində böyük narahatlıq yaradır və yaxın gələcəkdə bütün ölkəni əhatə edəcək, (...) uşaq bağçaları və peşə təhsili müəssisələri çərşənbə günü, yanvarın 24-də tətilə qoşulacaq”, - deyə məlumatda bildirilir.
ESL tətilə 330 məktəbin qoşulduğunu, yanvarın 24-də isə uşaq bağçaları və peşə təhsili müəssisələrinin də aksiyaya qatılacağını bəyan edib.
Qeyd edək ki, Estoniyada dövlət məktəblərinin müəllimlərinin minimum əmək haqqı 1950 avro təşkil edir.
Anar TAĞIYEV