“Bələdiyyə seçkiləri hazırda Türkiyədə əsas gündəmdir. Çünki İYİ Partiyanın ittifaqdan çəkilməsi və Millət İttifaqının dağılması, bununla bərabər AK Partiyanın uğurlu namizəd seçimi iqtidarın şanslarını müəyyən qədər artırıb”.
Bu fikirləri Newscenter.az-a politoloq Zeynəl Əmrəliyev Türkiyədə seçkiöncəsi vəziyyəti dəyərləndirərkən səsləndirib. O bildirib ki, İzmirin CHP tərəfindən qazanılacağı dəqiqdir:
“Əsas mübarizə şübhəsiz Ankara və İstanbulda gedəcək. AK Partiya Ankarada Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə Turqut Altınokun namizədliyini irəli sürüb. Altınok gəncliyində Ülkü Ocaqların rəhbərliyində təmsil olunmuşdur. MHP rəhbərlikdə təmsil olunmuş, sonra istefa verərək Milli görüşün Fəzilət Partiyasında və Səadət Partiyasında təmsil olunduqdan sonra AK Partiyanın qurulması prossesində iştirak etmişdir. Altınok uzun müddətdir ki, Keçiörən Bələdiyyəsinin sədridir”.
Zeynal Əmrəliyev deyib ki, Altınok Mansur Yavaşa qarşı kifayət qədər uğurlu namizəddir:
“Yavaş da onun kimi gəncliyində Ülkü Ocaqlarında və MHP rəhbərliyində təmsil olunub. Yavaşın millətçi olması ona MHP - dən çox səs gətirmişdi. Ərdoğan məhz bunu önləmək üçün onun qarşısına Altınoku çıxardır. Bu kifayət qədər uğurlu seçimdir”.
Politoloq onu da deyib ki, əsas mübarizə isə İstanbulda gedəcək:
“Murad Kurum AK Partiyada potensialı olan gəncdir. Şəhərsalma və Ətraf mühit naziri olub, şəhərsalma sahəsində geniş təcrübəyə malikdir. Kurum da İmamoğlu ilə eyni yaşdadır və onun kimi mülayim xarekterə malikdir, pozitiv enerjilidir. Həm Millet İttifaqının dağılması, həm AK Partiyanın adekvat namizədlərlə cavab verməsi iqtidar namizədlərinin şansını artırır. Ancaq yenə də Yavaş və İmamoğlunun nüfuzu hələ çoxdur. 5-6 faizlə Kurum və Altınoku qabaqlayırlar. Düşünürəm ki, möcüzə baş verməsə AK Parfiya yenə İstanbul və Ankarada məğlub olacaq. Çünki iqdisadi vəziyyət pisləşir, həm də İmamoğlu və Yavaşın nüfuzu fərd olaraq mənsub olduqları partiyanı keçib. Onların hər ikisi CHP - nin özündən nüfuzludurlar. Bu da onların şansını həmişə yüksək saxlayır”.
Süleyman