Avropa İttifaqı, eləcə də Fransa və Almaniyanın antiAzərbaycan mövqeyinə Avropa Şurası Parlament Assambleyası da (AŞPA) qoşuldu. Ötən gün AŞPA-da təmsil olunan Azərbaycan parlament nümayəndə heyətinin səsvermə hüququnun ləğv olunması ilə bağlı təşəbbüsün irəli sürülməsi belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən politoloq Teyyub Əliyev təəssüf hissi ilə qeyd edib ki, dünya düzənini müəyyən etməyə çalışan, öz mövqelərindən sui istifadə edərək başqalarına necə yaşamaq, necə davranmaq dərsi keçmək istəyən bəzi dövlətlərin və beynəlxalq təşkilatların birbaşa təqsiri üzündən indi bəşəriyyət ədalətsiz, qəddar, hər dəqiqə alovlanmağa məhkum olan, beynəlxalq hüququn dəfn edildiyi, sözün əsl mənasında cəngəllik qanunlarının bərqərar olduğu dünyada yaşamağa məhkum edilməkdədir. Belə bir şəraitdə ölkəni, dövləti, dövlətçiliyi hər an qarşıya çıxa biləcək təhlükədən qorumaq dövlət başçılarından, dövlət yetkilərindən böyük məsuliyyət və məharət tələb edir:
"Başda ABŞ, Fransa, son zamanlar həm də Almaniya olmaqla, bəzi qərb dövlətlərinin Azərbaycanı, qardaş Türkiyəni, yalnız türk–müsəlman olduqlarna, müstəqil siyasət yürütdüklərinə görə mütəmadi olaraq sıxışdırmağa çalışdıqları, bu alınmadıqda -sanksiyalarla hədələdikləri, daxili üzüdönüklərin, satqınların vasitəsilə ölkələrimizdə çaxnaşmalar yaratmağa cəhd etdikləri və bu əməllərindən hələ də əl çəkmədikləri hər kəsə gün kimi aydındır. Yalnız öz mənfelərini güdən, başqalarına “buyruq qulu” kimi baxmağa adət etmiş bu mənfurlar, onların sözlərinə, göstərişlərinə böyun əyməyənləri, mənfelərinə cüzi də olsa toxunanları müxtəlif yollarla, üsullarla cəzalandırmaq şakərindən əl çəkmək istəmirlər. Məhz bu səbəblərdəndir ki, son üç ildə ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycana qarşı total hücumlar səngimir, ərazi bütövlüyünü bərpa edən Azərbaycanı müxtəlif yollarla cəzalandırmaq cəhdindən əl çəkmirlər, mənfur, qaniçən, faşistpərəst erməni revanşistlərini hər vəclə şirnikləndirirlər".
Politoloq deyib ki, ABŞ da anti-Azərbaycan, qatı ermənipərəstlik getdikcə qüvvətlənməkdədir:
"Fransa Ermənistanı silahlandırır, yeni müharibələrə hazırlamağa cəhd edir, türk düşmənçiliyi o həddə çatıb ki, Ermənistan məsələsini özünün xarici siyasətinin prioriteti sırasına daxil edib, Almaniya Ermənistan-Azərbaycan sərhədlərinə nəzarəti əlinə almaq istəyir. Bunlar azmış kimi Fransanın, eləcə də Almaniyanın, təhriki ilə erməni lobbisinin ciddi təsiri altında olan, mütəmadi olaraq anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməkdədir. Belə ki, AŞ PA yanvar ayının 22-də işə başlayan qış sessiyasının ilk iclasında almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifni qəbul edib. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞ PA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər. AŞ PA-nın anti-Azərbaycan qərarına 24 saat ərzində Monitorinq Komitəsində baxılacaq. Ancaq qərarın necə olacağından asılı olmayaraq AŞ PA-nın Azərbaycana qarşı düşmənçiliyi göz qabağındadır. AŞ PA-da unudurlar ki, Azərbaycan Avropaya deyil, Avropa Azərbaycana daha çox möhtacdır. Biz AŞ PA-sız da keçinə bilərik. Atalar demişkən “xoruz yox idi, “səhər açılmırdı”?
Qərb dövlətlərinin və başıbəlalı beynəlxalq təşkilatların anti-Azərbaycan mövqeyinə Rusiyanın ölkəmizə qarşı riyakar siyasətini, Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsini ona bağışlamadığını, “sülhməramlı” adı altında ölkəmizə soxulan silahlı qüvvələrinin ərazilərimizdən çıxarmamaq üçün hələ də “erməni məsələsini” gündəmdə saxlamaq istədiyini də əlavə etsək dövlətimizə, dövlətçiliyimizə qarşı düşmənlərimizin iş birliyi ilə üz-üzə qaldığımızın fərqində olmalıyıq. Belə bir şəraitdə bizlərdən tələb olunan ən ümdə məsələ daxili sabitliyimizi qorumaqdan, düşmənlərimizin ölkəmizdə siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını hamılıqla almaqdan, xalq-iqtidar birliyini daha da möhkəmləndirməkdən ibarət olmalıdır".
Anar Əliyev