Azərbaycan daim ermənipərəst qüvvvələrin hədəfindədir. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) da mütəmadi olaraq erməni separatçılarının “vəkil”i rolunda çıxış edir. Qurumun qış sessiyasının ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsün irəli sürülməsi AŞPA-nın növbəti anti-Azərbaycan addımlarından biridir.
Bu addım 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra AŞPA-nın da Fransa Senatının, Avropa Parlamentinin Azərbaycan əleyhinə apardığı qərəzli kampaniyaya qoşulmaq istəyindən xəbər verir. Başqa sözlə desək, ATƏT-in Minsk Qrupu kimi AŞPA da tarixin arxivinə köçmək istəmədiyini, hələ ayaqda olduğunu sübut etməyə çalışır. Ona görə də Azərbaycana qarşı qərəzin dozası da bütün normaları aşır.
Fransa və Almaniya həm Avropa Parlamentini, həm də Avropa Şurasının Parlament Asambleyasını Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevirir. Hazırda hər iki qurum Fransa-Almaniya “cütlüy”ünün iradəsindən asılı vəziyyətə düşüb. Almaniyadan və Fransadan olan avrodeputatlar beynəlxalq hüquq və mənsub olduqları qurumların nizamnamə tələbləri əsasında yox, Berlinin və Yelisey Sarayının diktəsi altında işləyirlər. Onlar birbaşa Emmanuel Makronun və Olaf Şoltsun tövsiyyə və tapşırıqlarını icra edirlər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı irəli sürülən qərəzli təşəbbüsün müəllifi almaniyalı deputat Frank Şvabenin AŞPA-dakı nümayəndə heyətimizi öhdəliklərini yerinə yetirməməkdə ittiham etməsi Parisdən və Berlindən gələn “sifariş”dir. AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri Frank Şvabe bundan əvvəl də dəfələrlə Azərbaycana qarşı qərəzli çıxışları ilə fərqlənib. Belələrinə ədalətin bərqərar olması yox, siyasi sifarişlərin icrası vacibdir. Paris və Berlin məhz Frank Şvabe kimi fürsətçiləri öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı qısqırtmaqla Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etməyə çalışırlar.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüququ təmin etməsi və erməni separatizminə son qoyması Fransanın və Almaniyanın planlarını pozub. Ölkəmizin tam müstəqil xarici siyasət yürütmək xəttini seçməsi də onları ciddi şəkildə narahat edir. Bir sözlə, Azərbaycan neoimperialist güclərin Cənubi Qafqazda nəzarəti ələ keçirmək planlarının qarşısında ciddi maneəyə çevrilib. Ona görə də bütün istiqamətlərdən Azərbaycanın üzərinə hücuma keçiblər. Bu hücumların Avropa Parlamenti, AŞPA kimi beynəlxalq qurumların vasitəsilə həyata keçirilməsi də hiyləgər planın bir hissəsidir. Onlar bu yolla həm pərdələnməyə, həm də öz anti-Azərbaycan fəaliyyətlərinə legitimlik donu geyindirməyə çalışırlar.
Lakin Azərbaycana qarşı əsassız iddialar, qərəzli ittihamların irəli sürülməsi və sanksiya çağırışları fiaskoya uğrayacaq. Fransanın həm BMT Təhlükəsizlik Şurası üzərindən, həm də Avroparlament vasitəsilə Azərbaycana qarşı təzyiq göstərmək, ölkəmizi hədələmək təşəbbüsləri nəticəsiz qaldığı kimi, AŞPA-nın Azərbaycana qarşı demarşı da Qərbin ənənəvi gözləntilərini doğrultmayacaq. Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü İan Liddel-Grangerin qurumda çıxışı zamanı söylədiyi kimi bu, səhv bir qərardır və heç bir müsbət vəziyyətə aparmayacaq. Təəssüf ki, Makron kimi dar düşüncəli liderlər hələ də anlaya bilmirlər ki, dünya artıq dəyişib və indi suveren ölkələrlə hədə dilində danışmaq olmaz.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri