Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kirli” siyasi texnologiyaların ifşasına davam

“Kirli” siyasi texnologiyaların ifşasına davam


Etiraf etməliyik ki, Qərb siyasətdə əsas manipulyasiya aləti hesab olunan siyasi texnologiyalar nəzəriyyəsinin müəllifidir. Kütlənin “ağlını” başından ala biləcək bütün fırıldaqlar onlara məxsusdur. Siyasi iş adamları hesab olunan bu siyasi texnoloqlar böyük ustalıqla manipulyasiyalar aparır, habelə kütləni sifarişçinin maraqlarına uyğun şəkildə yönəldir və ondan istifadə edir. Sirr deyil ki, Qərbdə bilavasitə siyasi texnologiyalar üzrə ixtisaslaşmış onlarla, bəlkə də yüzlərlə böyük maliyyə imkanına sahib rəsmi və məxfi tədqiqat institutları mövcuddur.

Bu fikirlər politoloq A.Adilin “Kirli” siyasi texnologiyaların ifşasına davam” silsiləsindən növbəti yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Seçkiqabağı təxribatlar, rəngli inqilablar, informasiya manipulyasiyaları, konkret ölkədə sifarişli informasiya kontentin yaradılması, ünvanlı informasiya təqibi, müvafiq vəzifələrin icrası ilə bağlı siyasi strategiyaların işlənməsi və digər bu kimi funksiyaları yerinə yetirən Qərbin aidiyyəti institutları beynəlxalq təşkilatlar ilə yanaşı, Qərb siyasətinin əsas icraçı subyektləridir. Özümüzü aldatmayaq, birmənalı olaraq bilməliyik ki, bu cür institutlar “demokratik şüarlar” pərdəsi arxasında sadəcə konkret sifarişləri yerinə yetirir. Sifarişlərin kökündə isə “super güclər”in qlobal geostrateji maraqları dayanır.

Siyasi iş adamları hesab olunan Qərbin siyasi texnoloqları “xarizmanı” bir məhsul kimi öz alıcılarına satır. “Xarizmatik lider” böhranı yaşayan Qərb artıq çoxdandır məcburiyyət qarşısında siyasəti şouya çevirib. Müxtəlif səviyyələrdə keçirilən seçkilər isə həmin bu şouların kulminasiyasıdır.

Əlbəttə, indi bütün diqqət fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəlib. Təəccüblü deyil ki, vaxtaşırı Qərbin “kirli” siyasi texnologiyalarının müxtəlif təzahürləri ilə rastlaşırıq. “Kirli” siyasi texnologiyaların ifşası prinsipial məsələdir, hətta deyə bilərik ki, vətəndaşlıq borcudur. Xalqı məkrli manipulyasiyaların təsiri altına buraxmaq bağışlanmaz məsuliyyətsizlikdir. Odur ki, seçkiqabağı prosesin bütün qanuni tələblərinə riayət edərək, biz bu cür yazılarla təbliğat aparmırıq, əksinə, məkrli təbliğata uymamaq üçün cəmiyyəti maarifləndirməyə çalışırıq. Məhz elə bu səbəbdən də mütəmadi olaraq bu mövzuya müraciət etmək məcburiyyətindəyik.

Gözlənilən hal idi ki, “boykot” texnologiyası arzu olunan effekti vermədiyi üçün bizim bəla siyasişivənlərimiz öz “repetitorların”ın göstərişi ilə digər fırıldaqlara da əl atacaqlar. Bundan öncəki yazılarda istifadəsi gözlənilən bəzi “kirli” texnologiyalar haqqında bəhs edilib. Mövcud istiqamətdəki beynəlxalq təcrübəni nəzərə alaraq ehtimal edə bilərik ki, öncədən yazılmış təxribat xarakterli ssenarilərə əsasən, artıq növbə tədricən beynəlxalq təşkilatlara çatır. Hazırda biz tədricən onların bu tamaşada ön plana çıxmaq üçün əsasların yaradılmasına şahidlik etməyə başlayırıq.

Heç şübhəsiz ki, “kirli” siyasi texnologiyalar çərçivəsində digər metodlarla yanaşı, seçkilərin nəticələrinin tanınmaması ilə bağlı metoddan da istifadə olunacaq. Əvvəlcədən qeyd etməliyik ki, seçkilərin tanınmaması ilə bağlı manipulyasiyalardan Qərbdə, o cümlədən ABŞ-ın özündə olduqca geniş istifadə olunur. Geniş yayılmış bu təcrübə Qərbin “seçki şousu”nun mütləq “səhnəcik”lərindən biridir. Misal üçün, artıq növbəti prezident seçkilərinə hazırlaşan ABŞ-da hələ də ötən seçkilərin nəticələri mübahisələndirilir, namizədlər isə bir-birini məhkəməyə verir.

Odur ki, bu cür oyunlara hazır olmalıyıq. Psevdopatriotların xəstə ambisiyalarına nail olmaları üçün atdıqları bütün xain və məkrli addımlar artıq bizi təəccübləndirməməlidir. Müxtəlif təxribatları təhrik edən bu tamaşalar sadəcə süni gərginlik yaratmaq üçündür. “Kirli” siyasi texnologiyaların ifşasına davam...
Xəbəri paylaş