Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nakam namizədlər

Nakam namizədlər


Bu dəqiqə ölkənin siyasi cəhətdən ən qaynar vaxtıdır. Növbədənkənar prezident seçkisi, sosial bazası olan, yaxud heç bir bazası olmayan, paralel olaraq ofsayd düşmüş namizədlərin açıqlamaları da bunu deməyə əsas verir ki, bəli gündəm gərgindir. Seçicilərin isə gözləntisi budur, siyasətçilər bu gərgin dönəmdə gündəmi analiz edib siyasi təhlillərini xalqla bölüşəcəklər. Xalqın maariflənməsinə ehtiyac olduğu bir vaxtda özünü siyasi analitik hesab edən təhlilçilər bilirsizmi nəyin peşindədirlər?. ... Yox, yox siz heç nəyi bilmədiniz. Nümunə üçün diqqətinizə çatdırım keçmiş partiya sədri, analitik Abutalıb Səmədov güc vurub Anar Vəziroğlu ilə meyxanaçı Rüfət Nasosnunun deyişməsinə. Rüfətin şerini bəyənməyən Anar Vəziroğlunun Ramiz Rövşənin şeri ilə cavabını siyasətçimiz təqdir edir, sonra təxmin edib ki, meyxanaçı da Ramiz Rövşəndən bir ağız deyəcək. Bütün təxminləri özünü doğruldandan sonra partiyasını qapadan analitikin bu dəfə təxmini özünü doğrultmayıb. İndi gedin şair Aqşin Yeniseydən soruşun subkultura dediyi meyxananı üst qata çıxardan kimlərdir. Meyxanaçılar yoxsa Siyasi analitiklər?

Yoxsa bizdə siyasətin özu xalq folklorunun bir parçasına çevrilir. Siyasətimizdə Xor var? Var. Meyxana var? Var. Sizi inandirım əgər yuxarıda sadaladığım video çarxları vaxtında Dədə Qorquda göstərsəydilər müqəddəs bildiyi qopuzu ortadan sındırıb tullayardı ki, bu yekə kişilərə qazandığı adları qoymasın. Çünki Oğuz elinə baş ucalığı gətirməyənlər elə adsız qalsalar yaxşıdlr. Nə isə qanınızı qaraldıb mövzudan kənar çıxmayım. Növbədənkənar prezident seçkilərinin təşviqat mərhələsidir. Hətta namizədlərin şüarları belə hecalara bölünüb, qafiyələndiyi bir vaxt adam dinc dura bilmir. Baxdım ki, hər namizəddən bir avaz gəlir. Əlimi atdım eı şənliklərinin bəzəyi, hətta qan davalarını yatırdan Dədə Qorqudun mirasına. Bir vaxtlar müqəddəs bilib and içdiyiniz qopuzla, sazla bunları sizə bir bir təqdim edim, siz də agah olun həm də qopuz tarixdən silinməsin. Elə isə gəlin birlikdə hər namizədi öz dilindən taniyaq. Aldı görək nə dedi:

Liberaldan Fuad mənəm,
Öz partimin tək üzvüyəm,
Zahirdə müstəqil adamam
Batinim də YAP üzvüyəm.


Burada incə məqam budur ki, aşıq hansı namizədi tanıtdırırsa onun şüar lövhəsinə yaxınlaşır. Ona görə də meydanı fırranıb dabanlarını Razı müəllimin qabağında cutləyən aşıq "Döymə Kərəmi" üzərində:

Mənəm Nurullayev Razı,
Olmuşam Xudadan razı,
O gün yatıb, heç durmayım
Olmasam Başçıdan razı.


Mizrab üç telli sazda vargəl edir, aşıq yaxınlaşır növbəti plakata və oxuyur:

"Hər şey qalib xalqımız üçün",
Boş şüardı canınız üçün,
"Proqnozu" deyib Elşad
Sevincliyəm hamımız üçün.


Sazın səsi hər kəsi özunə valeh edib: zınqa zırıq, zınqa zırıq... Aşıq çönür növbəti namizədə tərəf. :

Sərvətim var, niyə acam?
Nalə çəkir xəstə qocam,
Ə, agzını aç, bundan danış
Zahid deyir: mən "Orucam"


Bu arada aşıq qəzəbindən mizrabı telə elə möhkəm vurur ki, meydan silkələnir:

O, Qüdrət möhkəm danışır,
Od tutub içdən alışır,
Deyir prezident olacam
Bilir ki, nakam danışır.


Deməli bura qədər hər kəs öz payını götürüb, görək indi aşıq Qəzənfəroğlunun dilindən nə deyir:

Fazil deməz day nahaqqı,
İtirmişdim tapdım haqqı,
Bu xalqın öz lideri var.
Mənlik deyil Tanrı haqqı.


Gecikməmiş deyim ki, aşığın züy tutanı yanindadır. Və onun cılımları hava ilə doludur, gözləri isə aşığın ağzına dikilib.

Aşığ isə davam edir.
Gör burda aşıq nə deyir,
Hər partiya özün öyür,
Bircə YAP ın şüarıdır
"Qalib xalqa, Qalib lider"


Bu vaxt züy tutan yüngülvarı çiyinlərin oynadıb, əyilib sazın altından keçməklə həmrəyliyini bildirir. Aşıq isə sazını Fransaya tuşlayır.

O, Makron bizdən danışır,
"Protiv" Xankənd danışır,
Siyasətdə uduzanlar
Həmişə altı nəm danışır.


Nəhayət zurna çalan aşığın bu bənddindən sonra ağzındakı havanı sona qədər püləyib qopuzun qarşisinda baş əyir.
Öz aramızdı fürsətdən istifadə edib aşığın Makrona saz ilə... zad elədiyini heç paz ilə də çıxartmaq mümkün deyil. Və sonda Fransa başda olmaqla bütün demokratam deyən dövlətləri Xankəndində qurulan seçki qutularını müşahidə etmək üçün seçki məntəqələrinə dəvət edirik.

Hüseyn
Newscenter.az üçün
Xəbəri paylaş