“Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. İstər paytaxtda, istərsə də regionlarda seçicilərlə görüşlərimiz ən yüksək səviyyədə baş tutur”.
Bu fikirləri Newscenter.az-a prezidentliyə namizəd Fuad Əliyev səsləndirib. Bildirib ki, regionlarda keçirilən izdihamlı görüşlərdən biri yanvarın 23-də Ağsu rayonunda baş tutub:
“Görüşdə rayon sakinlərinin qaldırdığı müxtəlif problemlər dinlənildi, onlar qeydə alındı. Eyni zamanda görüşdən sonra da vətəndaşlar fərdi şəkildə yaxınlaşıb öz qayğılarını, şikayətlərini yazılı surətdə bizə təqdim etdilər”.
Fuad Əliyevin sözlərinə görə, görüşdə vətəndaşların diqqətinə çatdırılıb ki, təkcə seçki dövründə deyil, eləcə də seçkilərdən sonra onların problemləri ilə məşğul olmağa hazırdırlar: “Bizim ofisimizin qapıları hər bir vətəndaş üçün həmişə açıqdır”.
Fuad Əliyev seçkilərin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini vurğulayıb:
“Bundan əvvəl isə Nəsimi rayonu, Binə qəsəbəsi, Xırdalan şəhərində görüşlərimiz olub. Apardığımız müşahidələr onu deməyə əsas verir ki, vətəndaşlar siyasi cəhətdən çox aktivdirlər və seçkilərə böyük maraq göstərirlər”.
Süleyman