Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA-nın yanaşması tək ədalətsiz deyil, eyni zamanda hüquqazidd davranışdır

AŞPA-nın yanaşması tək ədalətsiz deyil, eyni zamanda hüquqazidd davranışdır


"Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı milli maraqlarımızın müdafiə edilməsi baxımından yerində atılan addım oldu. Azərbaycan göstərdi ki, cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında hərbi-siyasi qələbələrimiz fonunda yaranan yeni reallıqda heç kim bizimlə ultimatum dilində danışa bilməz".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurası ilə Avropa xalqları ailəsinə inteqrasiya və Avropa standart və dəyərlərindən bəhrələnmədə ehtiva olunan əməkdaşlığa malik idi:

"Avropa Şurası ilə əməkdaşlığın səmərəli aparılması üçün Azərbaycan istər qanunvericilik, istərsə də praktik səviyyədə üzərinə düşən bütün öhdəliklərə vicdanla əməl etmiş, o cümlədən ötən 23 il ərzində öz milli qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində tədbirlər görülmüşdür. Mühüm islahatlar çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanları ilə yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququnun effektiv şəkildə təmin edilməsi üzrə müvafiq qanunvericilik tədbirləri görülmüşdür. Eyni zamanda davam edən demokratik islahatlar prosesi çərçivəsində ölkədə seçki praktikasının davamlı inkişafı, qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, idarəetmədə şəffaflığın yaradılması, habelə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərində Azərbaycan hər zaman qətiyyətli davranıb".

Deputat deyib ki, əməkdaşlığımız dövründə biz Avropa Şurası Parlament Assambleyasına müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq platforması kimi yanaşaraq bu təşkilatın Azərbaycanın məruz qaldığı işğal və təcavüz faktoru və nəticədə yüzminlərlə vətəndaşın pozulan haqlarının təmin edilməsində rol oynaya biləcəyinə inanmışıq:

"Çünki Avropa Şurası elə məhz insan haqlarını və qanunun aliliyini müdafiə etmək üçün mövcuddur. Lakin ötən dövr ərzində Avropa Şurasının bütün təsisatları kimi, AŞPA da münaqişə ilə bağlı məsələlərin müzakirəsindən imtina edərək, nə qədər absurd səslənsə də, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyondan artıq insanın hüququnun pozulmasının təşkilatın mandatına, yaxud formatına uyğun olmadığını iddia edirdi. Təbii ki, biz bunu doğru hesab etməsək də, eyni zamanda inanırdıq ki, ən azı bu yanaşmasına görə AŞPA Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən məruz qalacağı mümkün çirkab kampaniyasından kənarda qalacaq.

Amma, təəssüf ki, Azərbaycanın özünün beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etməsi, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsinə ən isterik yanaşmanı məhz AŞPA göstərdi. AŞPA-nın yanaşması isə tək ədalətsiz deyil, eyni zamanda hüquqazidd davranışdır. Təşkilat absurd şərtləri və separatizmə açıq dəstəyi ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarını hədəfə alaraq ilk növbədə beynəlxalq hüququn ümumtanınmış normalarını pozur. Bu isə Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün təhdid deməkdir və adekvat formada reaksiya verilərək nümayəndə heyətinin AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırması zəruri idi".

Bəhruz Məhərrəmov qeyd edib ki, 30 il bir milyondan artıq insanın təməl haqlarının pozulmasına göz yuman, indi isə riyakarcasına Qarabağdan könüllü surətdə köçən erməni əsilli sakinlərlə bağlı Azərbaycandan hesabat tələb etməyə cəhd göstərən ucuz bir təşkilatla əməkdaşlıq öz qələbəsi ilə regionda yeni reallıq yaratmış qalib Azərbaycana yaraşmaz:

"Bütün ölkələrlə dinc yanaşı yaşamağı, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmamağı, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, habelə beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini hədəfləyən dövlət olaraq Azərbaycan hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsipləri heçə sayan psevdo-təşkilatla əməkdaşlığa lüzum görmür. Prosesin nəticələrinə gəlincə, tam məsuliyyətimizlə deyə bilərik ki, mövcud gərginlik fonunda Azərbaycan nə isə itirmir. Əksinə marionet alətə çevrilməsi ifşa olunan Avropa həm də sərhədlərinin daralması fonunda onsuz da aşağı olan nüfuzunu bir az da itirmiş olur. Azərbaycan nümayəndə heyətinin bəyanatında da ifadə olunduğu kimi, baş verənlər “Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək”.

Süleyman
Xəbəri paylaş