Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"AŞ PA yenə həqiqəti görmək və eşitmək istəmədi” -DEPUTAT

"AŞ PA yenə həqiqəti görmək və eşitmək istəmədi”



"Azərbaycan 2001-ci ildən bəri -AŞ PA-ya üzv olduğu vaxtdan özünü etibarlı tərəfdaş kimi aparıb. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞ PA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışacaqlarını zənn edirdilər:

"Lakin Azərbaycan Nümayəndə Heyəti çox haqlı qərar verdi – bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Nümayəndə Heyətinin bəyanatında da qeyd edildiyi kimi, “2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamadı. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir”.

Könül Nurullayeva bildirib ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüquq norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə antiAzərbaycan mövqeyindən çıxış edir:

"AŞ PA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə destruktivlik nümayiş etdirir. Etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsilə bağlı həqiqəti təhrif etməyə çalışır. Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın göz qarşısında sərgilənirdi. Amma AŞ PA yenə həqiqəti görmək və eşitmək istəmədi.

Qərəzli təklifin almaniyalı deputat Frank Şvabe tərəfindən səslənməsi isə təsadüfi deyil. Fransa və Almaniya bu gün Azərbaycan əleyhinə tandem şəklində çıxış edir. Bəzi hallarda Fransa öz məkrli niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Bir daha aydın görünür ki, AŞ PA Almaniya və Fransanın əlində oyuncaqdır".

Millət vəkili hesab edir ki, biz bu cür qeyri-ciddi təşkilatla əməkdaşlıq edə bilmərik:

"Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞ PA ilə əməkdaşlığın dayandırılması və qurumun ölkəmizə qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra edə bilməz".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş