"Ötən 23 il ərzində Azərbaycan üzvü olduğu Avropa Şurası və onun Parlament Assambleyasından yalnız qərəzli münasibət, ədalətsiz yanaşma, qeyri-obyektiv dəyərləndirmə görüb. Bu qurum qarşısına qoyduğu bütün məqsəd və vəzifələri bir kənara qoyaraq ancaq Azərbaycanı təftiş etmək, Bakının üzərinə götürdüyü öhdəliklərə necə əməl etdiyini araşdırmaqla məşğul olub. Baxmayaraq ki, Azərbaycan tərəfi quruma üzv olarkən üzərinə götürdüyü bütün öhdəliklərə ən yüksək səviyyədə əməl edib, ancaq buna rəğmən Avropa Şurası və onun Parlament Assambleyası hər zaman Azərbaycanı haqsız yerə nələrdəsə ittiham edib. Qarabağdakı separatçılara qarşı öz ərazisində həyata keçirdiyi antiterror tədbirlərini etnik təmizləmə kimi qələmə vermək, guya ermənilərin hüquqlarını pozduğumuzu iddia edərək Azərbaycanı cəzalandırmağa çalışmaq da bu qəbildəndir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili deyib ki, ermənilər Qarabağı könüllü şəkildə tərk etdiklərini açıq şəkildə etiraf etdikləri, Azərbaycan tərəfindən heç bir təzyiq və təqiblərə məruz qalmadıqlarını dedikləri halda, AŞPA-nın dövlətimizi etnik təmizləmədə ittiham etməsi təkcə siyasi riyakarlıq deyil, eyni zamanda bu qurumun ölkəmizə qarşı nə dərəcədə düşmən münasibətdə olduğunu sübuta yetirir:
“Bu baxımdan hesab edirəm ki, əsas fəaliyyət, məqsəd və məramı antiAzərbaycan siyasəti üzərində qurulan bir qurumda qalmağın da mənası yox idi. Bu baxımdan düşünürəm ki, Azərbaycan Nümayəndə Heyəti çox haqlı qərar verərək qurumda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Azərbaycan, onun AŞPA-dakı nümayəndə heyəti dünənki tarixi qərarla bir daha sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda kimlərinsə Azərbaycanla zor, təzyiq diliylə danışması ilə heç vaxt barışmamışıq və bundan sonra da barışmayacağıq. Heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycanla zor, təzyiq diliylə danışa bilməz”.
Millət vəkili hesab edir ki, AŞPA –nı doğurdan da insan taleyi maraqlandırsaydı, o zaman Ermənistanın 1 milyon soydaşımızı qaçqın və məcburi köçkünə çevriməsi, ərazilərimizi 30 ilə yaxın işğalda saxlamasına görə bu ölkəni çoxdan üzvlükdən çıxarardı.
Anar Əliyev