Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bunu düşünürdünmü, Avropa?..

Bunu düşünürdünmü, Avropa?..


1988-ci ildən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasına başlayan Ermənistan dünyəvi siyasəti dürüstlükdən, bəşərilikdən də uzaqlaşdırmağa başladı. Xislətində işğala, işğalçıya meyl olan dövlətlər ya Ermənistanı açıq şəkildə müdafiə etməyə başladı, ya da bu münaqişəyə, başlayan ədalətsiz müharibəyə gerçək münasibət bildirmədi. Belə bir vəziyyət “ağa qara deyənlərə” görə təbii ki, dünyanın nizamını pozacaqdı, pozdu da. Dövlətlər belə idi, riyakarlıq hətta beynəlxalq təşkilatların da siyasi qoruyucusuna döndərilmişdi. Belə olmasaydı, zamanında Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirərdi. Yerinə yetirmədi, elə bil heç belə qətnamələr qəbul edilməyibmiş. Beynəlxalq siyasətin nüfuzunu bunca aşağılayan dövlətə (və dövlətlərə!) hansı beynəlxalq qınaq oldu? Heç bir qınaq olmadı! Olmadığına görə haqq tərəzisi də pozuldu. Beynəlxalq riyakarlıq bəşəriliyin varlığına susadı. Avropa Şurası Parlament Assambleyası da “öz əli ilə öz ocağına su açmaqdadır”. Unudur ki, “Özü özünə edəni el yığılsa edə bilməz”. Onsuz da bulanan sular durulacaq, onsuz da haqq-ədalət öz yerini tutacaq, ancaq itirilən nüfuz heç zaman bərpa olunmayacaq. Ermənilik ermənipərəstliyi istədiyi səmtə çəkir. Ermənipərəst qüvvələr bu təşkilatın tribunasından Azərbaycana qarşı istifadə edir. Görənlər görür, ancaq dinmir. Hələ ötən əsrdə türk şairi Tofiq Fikrət “Millət şərqisi”ndə yazmışdı: “Zülmün topu var, gülləsi var, qələsi varsa, Haqqın da bükülməz qolu, dönməz üzü vardır”.

Avropa İttifaqının bu kimi təzyiqləri Azərbaycana, Azərbaycanı sevənlərə heç nə edə bilməyəcək. Maraqlıdır: Avropa ölkələri Avropa Parlamentinə islamı günüləyənləri, İslama kini-küdurəti olanlarımı, türkü sevməyənlərimi seçib göndərir? Bu məqamda xalq şairi Zəlimxan Yaqubun bir şeirini xatırlayıram: Əzəl-axır dünya türkün dünyası. Onu da xatırlayıram ki, sevməzlik paxıllığın, paxıllıq insanlıqdan uzaqlaşmanın təzahürüdür...

Avropa Şurası Parlament Assambleyası bu mərəzə nə vaxtdan yoluxub? Çoxdan. Haqq tərəzisi əyiləndən, elan etmədən müharibəyə başlayan dövlətlə təcavüzə məruz qalan dövlətə münasibətdə ikili standartlar siyasətinə etiraz etməyəndən, özü də bu siyasətin yedəyinə düşəndən. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Alınmadı. Cəzasızlıq yeni cinayətlər yaratdı.

AŞPA Azərbaycana qarşı “sətiraltı qərəzlik” siyasəti ilə ayları il edib. Belə fəaliyyətinə görə qınanmadığına görə nəinki işğalçını qınamayıb, hətta onun mövqelərinin tərəfdarı kimi çıxış edib. İkinci Qarabağ müharibəsi başlayanda da, müharibənin gedişində də. Müharibədən sonra Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra da ermənipərəstliyi onun fəaliyyətinin səmtinin göstəricisi oldu.

AŞPA 2023-cü il oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda həyata keçirilən lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi. Bu qərəzliyə dünya dövlətləri ciddi münasibət bildirmədi. Bu Şura Ermənistanı dəstəkləyənlərin şurasıdırsa, adını dəyişsinlər, dünyəvi siyasətə xidmət edirsə, fəalyyətini bəşəriliyə yönəltsinlər. Yoxsa dünya ədalət, haqq, nizam adlı Arximed nöqtəsini itirəcəkdir...

Belə bir təşəbbüs qəfil yaranmazdı, bir deputatın təklifi ilə dini radikalizmə söykənən belə bir təklif qəbul edilə bilməzdi. Təşəbbüs qalmaqallı təşəbbüsdür. Hər qalmaqal arxasında ciddi qarşıdurmalar yarana bilər. Hər qarşıdurma illərlə çəkən münaqişələrin başlanğıcı ola bilər. Avropa Şurası Parlament Assambleyası bunu bilmirmi? Bilir, bəs bildiyinin məsuliyyətini niyə tarixin axarına atmaq istəyir? Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi dəqiq faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyini ifadə edir.

Qoy AŞPA unutmasın ki, “arabanın kölgəsi” gödələcək, onda “iki əli olacaq, bir başı”, döy ki, döyəsən.

Normal (və ədalətli!) məntiq deyir ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bəşəri dövlətlər bu Zəfəri dəstəklədi, qəlbi siyasi “xıltla” dolu olan dövlətlər bu Zəfəri qısqanmağa başladı. Niyə? Azərbaycanın artan nüfuzuna görə, Ermınistanı məğlub etdiyinə görə, Cənubi Qafqazda Azərbaycanın nüfuzunun şəriksizliyinə görə, Azərbaycanda milli-xəlqi, islami, bəşəri dəyərlər gərəkli səviyyədə yaşadıldığına görə, İkinci Qarabağ müharibəsinin işğalçılığa oxuduğu “ağır hökm” olduğuna görə, ... , bir də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi tələbi də Avropanın niyyətinin göstəricisidir. Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə canlı qüvvə, silah-sursat, mina, digər hərbi təyinatlı vasitələr daşınmasının qarşısının alınması Avropanı niyə narahat edir? Avropa sülh, əmin-amanlıqmı istəyir, müharibəmi? Müharibənin əleyhdarı kimi fikirlər səsləndirənin belə niyyətinə ciddi münasibət bildirilməməsi də dünyanın sabahlarını gümanlamağa funksional panametr olmurmu?..

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqesi ilə tanınır. O, bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Aİ rəsmisi hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərib.

AŞPA-da mövcud olan böyük miqyaslı irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Bu, Avropaya nə qazandıracaq? – Avropa nüfuz itirəcək, nüfuzunu itirdikcə Avropanı “Qordi düyünləri” bürüyəcək. Bunu düşünürdünmü, Avropa?..


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş