“Avropa Şurası Parlament Assmableyasını reallıqda insan taleyi, xalqların, bütöv bir millətin etnik təmizləməyə məruz qalması maraqlandırmır. Onu maraqlandıran bu kimi anlayışlardan, mühüm elementlərdən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Əgər belə olmasaydı adıçəkilən qurum nəinki Ermənistanla əməkdaşlıq edər, hətta onu sıralarına almazdı. Necə olur ki, Ermənistan dövlətinin keçən əsrin 90-cı illərinin əvəllərindən Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini, ərazilərimizin 30 ilə yaxın işğalda saxlamasını görməməzlikdən gələn, Ermənistanın sözün həqiqi mənasında etnik təmizləmə siyasəti aparmasına göz yuman AŞPA, indi ermənilərin Qarabağdan könüllü şəkildə getməsini etnik təmizləmə siyasəti kimi qələmə verir. Əslində cavab aydındır. Bütün bunlar AŞPA-nın əksər deputatlarının erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərdiyinin sübutudur”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycan 2001-ci ildən, Avropa Şurasının üzvü olandan ölkəmizə qarşı bu qurum tərəfindən qərəzli münasibət, ədalətsiz yanaşma, qeyri-obyektiv dəyərləndirmə sərgilənib:
“Bu qurum qarşısına qoyduğu bütün məqsəd və vəzifələri bir kənara qoyaraq ancaq Azərbaycanı təftiş etmək, Bakının üzərinə götürdüyü öhdəliklərə necə əməl etdiyini araşdırmaqla məşğul olub. Baxmayaraq ki, Azərbaycan tərəfi quruma üzv olarkən üzərinə götürdüyü bütün öhdəliklərə ən yüksək səviyyədə əməl edib, ancaq buna rəğmən Avropa Şurası və onun Parlament Assambleyası hər zaman Azərbaycanı haqsız yerə nələrdəsə ittiham edib. Son hadisə isə Azərbaycanın cavab addımı atmasını zərurətə çevirdi və Azərbaycan nümayəndə heyəti qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Hesab edirəm ki, əsas fəaliyyət, məqsəd və məramı antiAzərbaycan siyasəti üzərində qurulan bir qurumda qalmağın da mənası yox idi”.