Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilatın müraciətinə baxılıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.
Qeyd edilib ki, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə keçirmək niyyətindədir.
Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır.
Mehman Mehdiyev