"AŞPA-da baş verənlər və Azərbaycan parlamentarilərinin atdığı addımlar, əslində bu gün və dünən baş verən hadisələr fonunda uzun zamandır ki, ölkəmizə qarşı aparılan haqsız və qərəzli munasibətin nəticəsindən irəli gəlir. Bəli, burda məhz Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə təsir elementləri var".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, hazırda rəsmi Bakı nəinki AŞPA -dakı fəaliyyətini dayandırmaq qərarı qəbul edib və hətta ümumilikdə Avropa Şurasından ayrılmaq məsələsi üzərində araşdırma aparır:
"Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər. Doğrudur, baş verənlər Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə öz təsirini göstərəcək. Amma bu heç də Azərbaycanın haqlı mövqeyini dəyişdirə bilməz. Sadəcə olaraq proseslər qeyri müəyyən vaxta qədər uzana bilər".
Ekspert deyib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib:
"Bu kimlərisə narahat edir. Bu səbəbdən Azərbaycana qarşı qaldırılan iradların məhz indiki vaxtda baş verməsi, onu deməyə əsas verir ki, iradlar qərəzlidir və belə münasibətlər heç kimə fayda verə bilməz".
Anar Əliyev