Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentliyə namizədlər təbliğat kampaniyasında əlavə vasitələrdən niyə istifadə etmirlər?

Prezidentliyə namizədlər təbliğat kampaniyasında əlavə vasitələrdən niyə istifadə etmirlər?


Gələn ay baş tutacaq növbədənkənar prezident seçkilərinin mühüm mərhələsi, təbliğat-təşviqat dövrüdür. Bütün namizədlər demək olar ki, seçicilərlə intensiv görüşlər keçirərək öz platformalarını onlara çatdırmağa çalışırlar. Ancaq müşahidə edilən tendensiyalardan biri də namizədlərin təbliğat zamanı digər ölkələrindən təcrübəsindən istifadə etməməsidir. Məsələn, qardaş Türkiyədə seçki zamanı namizədlər təbliğat avtobuslarından istifadə edir, KİV-lərdə özlərinin geniş reklamını təşkil edirlər. Bəs Azərbaycanda prezidentliyə namizədlər nə üçün bu vasitələrdən istifadə etmirlər? Bu suala aydınlıq gətirmək üçün Newscenter.az olaraq prezidentliyə namizədlərə və onların vəkillərinə müraciət etdik.

Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğatına demək olar ki, ehtiyac yoxdur. Dövlət başçısının hakimiyyətdə olduğu 20 il ərzində gördüyü işlər, Azərbaycanın inkişaf və tərəqqisinə nail olması, xüsusilə Vətən müharibəsindəki qələbəmiz İlham Əliyevin necə uğurlu namizəd olduğunu ortaya qoyur və onun əlavə təbliğata ehtiyacı duymadığı reallığını təsdiqləyir.

Digər namizədlərə gəlincə isə, Böyük Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Elşad Musayev təbliğat zamanı digər vasitələrdən istifadə etməmək bir neçə amillə bağlıdır:

“İlk növbədə nəzərə almaq lazımdır ki, bu növbədənkənar seçkilərdir və seçki dövrü bir qədər azdır. Düzdür, namizədlərə öz platformasını seçicilərinə çatdırmaq üçün televiziya və radioda pulsuz efir vaxtı ayrılsa da, lakin hesab edirəm ki, bu imkanlar azdır. Ancaq buna baxmayaraq mövcud imkanlar çərçivəsində öz platformamızı xalqa çatdırmağa çalışırıq”.

Elşad Musayev təbliğat avtobuslarından istifadəyə gəlincə isə, bunu seçkinin qış fəslinə təsadüf etməsi və qarlı-şaxtalı hava ilə əlaqələndirib:

“Bu günlərdə biz bir sıra dağ rayonlarında görüşlərdə olmuşuq. Hazırda da həmin rayonlarda qarlı-şaxtalı hava mövcuddur. Həmin görüşlərə təbliğat avtobusu ilə getmək olardımı? Təbii ki, yox”.

Digər prezdentliyə namizəd Fuad Əliyev isə deyib ki, dövlətin namizədlərə ayırdığı pulsuz efir vaxtı ilə yanaşı, onun özünün təsis etdiyi 4 media subyektində də təbliğat işlərini davam etdirir: “Ona görə də bizə bu kifayət edir. Çünki həmin media resursları kifayət qədər təbliğatla məşğuldurlar. O ki qaldı, təbliğat avtobuslarından istifadəyə, hesab edirəm ki, təbliğatımızı dövlətin ayırdığı media resurslarında düzgün istiqamətdə qurduqdan sonra təbliğat avtobuslarına ehtiyac qalmır. Ona görə də biz daha çox dövlətin təbliğat məqsədilə bizə yaratmış olduğu imkanlardan istifadə edirik”.

Fuad Əliyev deyib ki, əsas fəaliyyəti regionlarda seçicilərlə görüşə yönəldiblər və bu istiqamətdə uğurlu iş aparırlar.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili Azər Qasımov deyib ki, prezident seçkilərində təbliğat mərhələsi davam edir. Onun sözlərinə görə, namizədlər mümkün təbliğat üsullarından istifadə edirlər:

“Bu, ölkə ictimaiyyətinin gözü qarşısında edilir. Təbii ki, Azərbaycandakı seçkilər Türkiyədəki seçkilər kimi gərgin və qızğın keçmir. Hesab edirəm ki, səbəbi ölkələr arasındakı əhali və ərazi fərqidir, eyni zamanda, vətəndaşların seçki prosesinə maraq göstərməsi məsələsidir. Seçici özü bu proseslərdə aktiv olmalıdır”.

Azər Qasımov deyib ki, namizədlər isə imkanları çatdığı qədər seçicilərlə görüş keçirir:

“Namizədlərin vəkilləri də bu prosesdə iştirak edirlər. Mən özüm Prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili kimi Xudat və Siyəzəndə seçicilərlə görüşlər keçirmişəm. Əhali maraqla çıxışları dinləyir, reaksiya verirlər. Maddi problem demək olar ki, yoxdur. Nəzərdə tutulan görüşlər üçün maliyə mövcuddur. Azərbaycan reallığı üçün bu qədər təbliğat hesab edirəm ki, kifayət edir”.

Milli Cəbhə Partiyasının sədri, prezidentliyə namizəd Razi Nurullayevin vəkili Məhəmməd Əsədullazadə deyib ki, təbliğat-təşviqat kampaniyası kifayət qədər uğurla davam edir. O kampaniya çərçivəsində Razi Nurullayevin həm paytaxt, həm də regionlarda görüşlər keçirdiyini söyləyib:

“Bu kampaniyanın daha geniş və təsirli aparılması üçünsə, heç şübhəsiz ki, ciddi maddiyata ehtiyac var. Qardaş ölkədəki kimi təbliğat avtobuslarında istifadə etmək, özəl televiziya və digər KİV-lərdə namizədimizin reklamını təşkil etmək kifayət qədər vəsait tələb edir. Türkiyə, yaxud digər ölkələrin siyasi partiyaları seçki zamanında bu vasitələrdən ona görə istifadə edirlər ki,onların kifayət qədər maddi resursları var. Digər tərəfdən onlar uzun illər siyasi səhnədə oturuşmuş partiyalardır”.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş