“Növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsini uğurla davam etdiririk, paytaxt və regionlarda nəzərdə tutulan məkanlarda seçicilərlə görüşlərimiz davam edir. Kampaniya başa çatana qədər bütün iqtisadin rayonlar üzrə seçicilərlə görüşlərimizi keçirib onlara öz platformamızı çatdıracağıq”.
Bu fikirləri Newscenter.az-a prezidentliyə namizəd, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev səsləndirib. Onun sözlərinə görə, seçkilərin təbliğat-təşviqat mərhələsi dövründə heç bir maneə, əngəl də yaradılmayıb və namizədlərə seçiciləri ilə görüşlər keçirmək üçün lazımı imkanlar yaradılıb:
“Şəxsi təcrübəmdən və ölkədə indiyə qədər keçirilən bir neçə seçkidə iştirak edən biri kimi açığı deyim ki, bundan əvvəl keçirilən seçkilərdə hansısa formada namizədlərə maneçilik yaradılırdı. Polis, yaxud yerli icra qurumları namizədlərə seçicilərlə görüş keçirmək üçün süni əngəllər yaradırdılar. Ancaq bu seçkilərdə belə mənfi hallar müşahidə edilmir. Deyərdim ki, seçki kampaniyası uğurla davam edir”.
Elşad Musayev deyib ki, namizədliyin irəli sürülməsi və imzatoplama kampaniyası zamanı hər hansı bir maneçilik, əngəl müşahidə edilməyib.
Süleyman