Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ qaynayır, müstəqillik çağırışları yüksəlir: "Birləşmiş" Ştatlar "ayrılır"?

ABŞ qaynayır, müstəqillik çağırışları yüksəlir: "Birləşmiş" Ştatlar "ayrılır"?


Tarixinin ən qütbləşmiş dövrlərindən birini yaşayan ABŞ-da vəziyyət günü-gündən pisləşir. Müqayisə üçün deyim ki, ölkə sonuncu dəfə 159 il əvvəl vətəndaş müharibəsi zamanı belə qütbləşmişdi.

Qütbləşmənin əsasını Demokratlar və Respublikaçılar arasında gedən amansız siyasi mübarizə təşkil edir. Prezident seçkiləri öncəsi bu mübarizə daha radikal və aqressiv bir hal alıb. Düzdür, ənənəvi ABŞ cəmiyyəti bu rəqabəti sevsə də partiyalararası mübarizədən bezən və alternativ yol seçən bir qrup da var. Hansı ki, bu qrup “Artıq birlikdə yaşaya bilmərik” deyir.

Belə ki, Respublikaçıların üstünlük təşkil etdiyi Texas və Demokratların nəzarətində olan Kaliforniya ştatları ABŞ-dan ayrılmaq istəyir. Son illərdə bu istiqamətdə çıxışlar, təkliflər səslənir. Texas ştatında isə proses daha radikal və ciddi bir hal alıb.

Dikbaş Ştat

İlk öncə onu qeyd edim ki, bu gün müstəqillik tələb edən Texas ştatının dövlətçilik keçmişi var. Yəni bu ştat nə ABŞ-ın əsasını təşkil edən 12 keçmiş koloniyadır, nə Rusiya, Fransa kimi ölkələrdən pul ilə alınan torpaqlardır, nə də Meksika ilə müharibələrin nəticəsində ələ keçirilib.

Texas 2 Mart 1836-cı ildən 19 Fevral 1846-cı ilə müstəqil dövlət olub. Düzdür, Meksika bu illər ərzində Texası üsyançı bir əyalət kimi görsə də ABŞ 1837-ci ilin martında Texas Respublikasını tanıyan ilk ölkədir.

Diqqətçəkən digər bir məqam isə Texas rəsmi olaraq 19 fevral 1846-cı ildə öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olmasıdır. Bundan başqa ABŞ vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral – 2 mart 1861-ci il tarixləri arasında 1 aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsi təəccüblü deyil.

Müstəqillik çağırışları yüksəlir

Son illərdə Respublikaçı və Demokratların mübarizəsi fonunda Texas ştatında ABŞ-dan ayrılma çağırışları artıb. Sonuncu immiqrasiya qalmaqalları fonunda isə bu çağırışlar daha da güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Ebbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.

Belə ki, Texas qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.

Prosesdən istifadə edən isə “Texit” hərəkatının lideri Daniel Millerdir. Belə ki, o, vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.
Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, “Texit”dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib. Bununla belə ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır.

ABŞ-ın Axilles dabanı

Texas ştatı ABŞ-ın ən zəif nöqtəsi Axilles dabanıdır. Ştatda baş verənlər hər nə qədər ciddi olsa da və ya ştat müstəqillik tələb etsə də Vaşinqtonun buna icazə verməsi mümkün deyil.
Birincisi, Texas ərazisinə görə ABŞ-ın Alyaskadan sonra ən böyük ştatıdır. Vaşinqtonun belə bir ərazi itkisi ilə barışması qeyri-mümkündür.

İkincisi, Texasın ayrılması ABŞ üçün domino effekti yarada bilər. Yəni Texasın ardınca Kaliforniya, Alyaska və Havayi kimi ştatlar da Birləşmiş ştatları tərk edə bilər. Bundan başqa Cənub ştatlarının 159 il öncə olduğu kimi Amerika Konfederativ Dövlətlər adı altında ayrılması da ehtimal riskli ssenarilərdəndir.
Üçüncüsü, Texit baş verərsə, ABŞ neft hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük iqtisadiyyatını itirə bilər.

Nəticə etibarilə Texasda baş verənlər hazırda ABŞ daxili çəkişməsi kimi xarakterizə edilə bilər. Texit isə hələlik daha çox platforma çağırışından ibarətdir. Bundan başqa texaslılar referendum nəticəsində müstəqillik seçsələr belə, dərhal ABŞ-dan ayrıla bilməzlər. ABŞ-ın hər bir ştatı və konqresi də bu müstəqilliyə səs verməlidir.

Turan Rzayev-politoloq
Xəbəri paylaş