“AŞPA-nın Azərbaycanla bağlı sərgilədiyi qərəzli, ikili standartlara xidmət edən mövqeyi artıq hər kəsə məlumdur. Baş verənlərin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi olduğu gün kimi ortadadır. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəməməsini, eləcə də Ermənistanın məğlubiyyətini və suverenliyimizin bərpa olunmasını həzm edə bilmirlər.
Lakin təəssüf ki, AŞPA-da baş verənlərdən sonra Azərbaycanın ictimai-siyasi həyatında hamı bu qurumun ədalətdənkənar, anti-Azərbaycan və anti-türk mövqeyinə görə qınadığı bir vaxtda içimizdən çatlaq səslər də çıxmağa başladı. Avropanın ayrı-ayrı dövlət və qurumlarının 5-ci kalonu qismində çıxış edən bəziləri AŞPA-nı qınamaq əvəzinə yenə də öz ənənələrinə sadiq qalaraq Azərbaycan hakimiyyətini günahlandırmaq yolunu seçdilər. Əslində öz fəaliyyətlərini yalnız Qərbdən gələn sifarişlər əsasında həyata keçirən, müxtəlif yollarla onlardan maliyyə dəstəyi alan şəxslərdən başqa bir şey gözləməyə də dəyməzdi. Bu mənada Əli Kərimli və İlqar Məmmədovun açıqlamaları xüsusilə diqqət çəkir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, REAL sədri İlqar Məmmədov günahı Türkiyə nümayəndə heyətində görməyə çalışmaqla faktiki olaraq AŞPA-nı qınamaq yolunu yox, müzakirələrin hədəfini Türkiyəyə qarşı yönəltməyə çalışır:
"Türkiyənin Azərbaycan istənilən platformada dəstək verdiyini bilə-bilə, eləcə də AŞPA-nın son iclasında HDP millət vəkili istisna olmaqla Türkiyə nümayəndələrinin Azərbaycanı dəstəkləyən mövqe ilə çıxış etməsinə baxmayaraq bu cür absurd mövqe sərgiləmək birmənalı olaraq milli maraqlarımızı sabotaj etmək cəhdidir.
Bu, Türkiyənin Azərbaycana nə ilk, nə də son dəstəyi deyil. Türkiyənin Azərbaycana dəstəyini biz hər zaman hiss etmişik. Xüsusilə də Vətən müharibəsinin ilk günündən qardaş ölkə Azərbaycanın yanında olduğunu bəyan edib və bütün siyasi müstəvilərdə öz yardımını əskik etməyib. Məhz Türkiyənin dəstəyinin nəticəsi idi ki, istər Qərb, istərsə də Rusiya prosseslərə açıq şəkildə müdaxilə etməkdən çəkindi".
Politoloq deyib ki, indi İlqar Məmmədovun korrupsiyanın, ayrı-seçkiliyin, ikili standartların, İslamafobiyanın hökm sürdüyü bir qurumu qınamaq əvəzinə qardaş Türkiyəni hədəf almasının yalnız bir adı var. Özünü Qərbə yenidən xatırlatmaqla nəyəsə nail olmaq:
"Eyni şeylər Əli Kərimliyə də aiddir. “Azərbaycan anti-Avropa siyasətini davam etdirdikcə, ölkə beynəlxalq təcridə yuvarlanacaq” deyən Əli Kərimli unudur ki, indi baş verənlərin günahkarı Avroatlantik məkana inteqrasiyanı öz xarixi siyasətinin prioriteti elan edən Azərbaycan yox məhz ayrı-ayrı Avropa qurumlarıdır. Başqa sözlə desək məhz Avropa bizi bütün imkanları ilə özündən uzaqlaşdırmaq yolunu seçib. Odur ki, əgər günahkar axtarırsınızsa ünvanı dəqiq göstərin. Heç olmasa ömründə bir dəfə özünüzdə cürət tapıb 30 il ərzində bir dəfə də olsun Azərbaycanla bağlı ədalətli mövqe tutmayan, Ermənistanı dəstəkləməklə davamlı şəkildə ölkəmiz əleyhinə bəyanat və Qətnamələr qəbul edən AŞPA, Avropa Şurası, Avropa İttifaqı kimi qurumları qınayın.
Bu cür mövqe ortaya qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Unutmayın ki, siyasi fəaliyyətdə uğur qazanmağın yolu hansısa qurumlardn deyil Azərbaycan xalqından dəstək almaqdan keçir. Əgər uzun illər ərzində bunu başa düşməmisinizsə o zaman sakitcə bir kənara çəkilsəniz yaxşıdır. İlqar Məmmədov hələ həbsdən çıxdıqdan sonra növbəti parlament və prezident seçkilərində uğur qazanmayacağı halda istefaya gedəcəyini bildirmişdi. Həmin vaxtdan sonra ölkədə həm parlament, həm də prezident seçkiləri keçirilib, ancaq REAL sədri bunların heç birində iştirak etməyib. Məncə həm İlqar Məmmədovun öz sözünü tutmasının, həm də 20 ildir ki, heç bir seçkidə iştirak etməyən Əli Kərimlinin siyasi səhnədən çəkilməsinin vaxtı çatıb”.
Süleyman