Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə Prezidentlərinin qardaşlıq-dostluq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən enerji əməkdaşlığının davamlı inkişafını təmin etməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə çoxşaxəli enerji tərəfdaşlığının müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində rolundan bəhs edilib.
Söhbət zamanı hazırda iki ölkənin enerji gündəliyinin prioritet istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Azərbaycandan Türkiyə və Avropaya təbii qaz təchizatının mövcud vəziyyəti və uzunmüddətli perspektivləri, TANAP-ın genişləndirilməsi, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələlər nəzərdən keçirilib. Bundan başqa Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafında Türkiyə ilə əməkdaşlığın önəmi vurğulanıb və bu xüsusda burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı, buradan Avropaya nəqli imkanlarının araşdırılması, bu məqsədlə infrastrukturun yaradılması kimi məsələlərin həlli ilə bağlı hər iki tərəfin iştirakı ilə yaradılmış İşçi qrupu çərçivəsində fəaliyyət nəzərdən keçirilib. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.
Görüşdə, həmçinin bu il Türkiyədə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin və intensiv əlaqələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi qeyd olunub.
Süleyman