Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əliyevin Qərblə açıq döyüşü başlayır: Avropa yeni “Maydan” hazırlığında!

Əliyevin Qərblə açıq döyüşü başlayır: Avropa yeni “Maydan” hazırlığında!


Azərbaycan hərb meydanında məğlub etdiyi Ermənistanı sülh danışıqlarında da küncə sıxdıqca, indiyədək rəsmi İrəvanın arxasında gizlənərək ölkəmizə təzyiq edən güclərin özləri artıq birbaşa səhnəyə çıxmağa və rəsmi Bakıyla açıq savaşa girməyə məcbur qalıblar.

ABŞ Senatında və Konqresində, həmçinin Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən dinləmələrdə irəli sürülən ağır ittihamların ardınca, Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) da eyni tezislərlə Ermənistanın açıq şəkildə müdafiəsinin təşkili və Azərbaycan Nümayəndə Heyətinin etimadnaməsinin təsdiqlənməməsi, hər şeydən əvvəl, o gerçəyi ortaya qoyur ki, rəsmi Vaşinqtonla Avropa İttifaqının iki qurucu üzvü – Fransa və Almaniya arasında koordinasiya olunmuş şəkildə həyata keçirilən vahid Cənubi Qafqaz strategiyası mövcuddur və bu strategiyada İrəvan müttəfiq, Bakı isə düşmən paytaxt statusunda görülür.

AŞ PA-da yaşanan son hadisələrdən sonra daha heç kəsdə şübhə qalmayıb ki, Ermənistanın özündən daha çox “erməni amili” üzərində duran və bu faktora Cənubi Qafqazda geosiyasi mövcudluq vasitəsi kimi baxan Qərb paytaxtlarıyla – Vaşinqton, Brüssel, Paris və Berlinlə Azərbaycanı uzunmüddətli diplomatik savaş gözləyir və biz də ölkənin həm daxili, həm də xarici siyasətini indidən bu savaşa hazırlamalıyıq.

Əslində, etiraf olunmasa da, təxminlərə görə, elə Azərbaycanda qəfildən erkən prezident seçkilərinin keçirilməsi qərarının verilməsində və dərhal icraya yönəldilməsində də məhz bu amil – Qərblə getdikcə kəskinləşən və qarşıdakı 1 il 6 aylıq zaman kəsiyində daha da kəskinləşəcəyi gözlənilən münasibətlərin narahatedici, qeyri-müəyyən gələcəyi əsas rol oynayıb.

Dəqiq hesablamaları və rasional qərarlarıyla geosiyasi oyunda qrossmeyster olduğunu dəfələrlə sübuta yetirmiş Azərbaycan prezidenti İlham Əliyev yaxşı görür ki, qarşıdakı 1 il 6 aylıq dönəm - 2024 və 2025-ci ilin ilk yarısı bütün dünya boyu, o cümlədən də Cənubi Qafqaz regionunda aparılan geopolitik savaşın ən gərgin və həlledici çağı olacaq, ölkəmiz bütün istiqamətlərdən hədəfə çevriləcək!

Belə bir zamanda regionda güc balansının doğru qiymətləndirilməməsi, yanlış geopolitik seçim, ölkələrarası münasibətlərdə nəticəsi öncədən hesablanılmamış istənilən addım, emosional və ya ictimai təzyiq yoluyla qəbul edilən qərarlar, yaxud siyasi boşluq və ya süstlük ölkəmizin son 3 ildə qazandığı bütün uğurları bircə anda alt-üst edə, bizi böyük bir xaosun içərisinə itələyə bilər!

Təkrar edirik: bunu 20 ildir ölkənin sükanını məharətlə əlində qoruyub saxlamağı bacaran, bu geopolitik qasırğalarda özünü itirməyən və Qarabağ zəfəriylə də hazırda siyasi nüfuzunun pik dövrünü yaşayan bir Lider - prezident İlham Əliyev hamıdan daha yaxşı görür, bilir!

Elə buna görə də qəfildən fevralın 7-ə növbədənkənar seçki təyin etməklə, həmin geopolitik turbulensiya dönəmindən təhlükəsiz keçidi təmin etməyə, region uğrunda amansız savaş aparan tərəflərin o dövrə planlaşdırdıqları hakimiyyət dəyişikliyi ssenarilərini önləməyə və beləliklə də, həm hakimiyyətin qorunub saxlanmasında, həm də Ermənistanla sülh məsələsinin uğurla tamamlanmasında əlverişli zəmin yaratmağa çalışır.

Hazırda Cənubi Qafqaz uğrunda aparılan bu geopolitik savaşın bir tərəfində Azərbaycanın məğlub etdiyi Ermənistanı israrla müdafiəni rəsmi dövlət siyasətinə çevirmiş ABŞ-Avropa İttifaqı tandemi durubsa, o biri tərəfində də Azərbaycanın Qarabağ savaşının nəticələrini qəbul edən və rəsmi Bakının yeni regional əməkdaşlıq və təhlükəsizlik platforması kimi irəli sürdüyü “3+3” formatında iştiraka razılıq vermiş 3 ölkə - Türkiyə, Rusiya, İran, üstəlik, “Bir Kəmər-Bir Yol” layihəsinin Orta Dəhlizini Azərbaycan üzərindən keçirmək istəyən “Asiya Əjdahası” - Çin dayanıb...
Əliyev görür ki, bu qarşı duran geopolitik güc mərkəzləri sırasında onun hakimiyyətinə də, elə Azərbaycanla Ermənistan arasındakı sülhə də ən böyük təhdid və təhlükə məhz Qərbdən – ABŞ və Avropadan gəlir.

Ona görə də o, təbii şəkildə, belə kritik dönəmdə öz geopolitik seçimini məhz Azərbaycanın 2020-ci il müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatlarıyla dəyişdiyi reallıqları birmənalı qəbul edən tərəflərlə birgə müəyyənləşdirmə siyasətinə üstünlük verir və çox doğru da edir.

Çünki bizə indiki mərhələdə Ermənistan üzərində qazandığımız tarixi qələbəni sülh müqaviləsiylə yekunlaşdırmaqla legitimləşdirmək, ərazimizdəki çoxillik separatizm ocağının birdəfəlik dəfn edilməsini rəsmləşdirmək, ölkəmizi sabit və investisiyalar üçün təhlükəsiz məkana çevirmək gərəkdir!

Qərbin müsair Cənubi Qafqaz strategiyasında isə Azərbaycana bu imkan tanınmır, ona regionda Rusiya, İran və Türkiyə əlaqələrini nəzarətdə saxlayacaq “post ölkə”, ABŞ və Avropa İttifaqının hərbi və siyasi baxımdan möhkəmlənəcəyi platsdarm kimi baxılır.

Elə buna görə də Prezident İlham Əliyev növbədənkənar seçki qərarı verməzdən bir gün əvvəl – 2023-cü ilin 6 dekabrında ADA Univesitetində keçirilən tədbirdə ilk dəfə olaraq Azərbaycanın müharibədən sonrakı dövr üçün izləyəcəyi geopolitik seçiminə də aydınlıq gətirdi və açıqca elan etdi:“Azərbaycanın xarici siyasət kursunda Avropa İttifaqına üzvlük hədəfi yoxdur”!

Sözsüz ki, Əliyevi bu bəyantı səsləndirməyə vadar edən əsas səbəb, bir tərəfdən, geopolitik seçimlərini Avropa İttifaqı və NATO üzərinə edən keçmiş sovet respublikalarının, xüsusən də Ukrayna, Gürcüstan və Moldovanın acı təcrübələrinə diqqət çəkmək idisə, o biri tərəfədən də son 3 il ərzində Avropa İttifaqının iki qurucu üzvünün - Fransa və Almaniyanın ölkəmizə qarşı tutduğu açıq-aşkar düşmənçilik siyasəti idi...

Eyni zamanda, Əliyevin səsləndirdiyi “Azərbaycanın xarici siyasət kursunda Avropa İttifaqına üzvlük hədəfi yoxdur” bəyanatının bir başqa açması da o demək idi ki, rəsmi Bakı qarşıdakı mərhələdə ABŞ və Avropa İttifaqının Cənubi Qafqaz üzərindən Rusiya, İran və Çin əleyhinə ənənəvi siyasətində hər hansı şəkildə iştirak etməyəcək, əksinə, ABŞ və Avropa İttifaqının indiyədək “düşmən ölkələr” kimi gördüyü iki qonşusuyla - Rusiya və İranla əməkdaşlığı, qardaş Türkiyə ilə bərabər, “3+3” formatı çərçivəsində özünün geostrateji imperativləri sırasına daxil edəcək.

Hazırda bütün Avropa təsisatları və platformalarında Azərbaycanın Qarbağdan köçən ermənilərə qarşı etnik təmizləmə siyasəti həyta keçirdiyinin iddia edilməsi tezisi əsasında başladılan və eyni mərkəzdən koordinasiya olunmuş şəkildə həyata keçirilən hücum kampaniyasının da tək bir məqsədi var: Əliyevi qorxutmağa və tutduğu bu yeni xarici siyasət kursundan, xüsusən də Rusiya, Türkiyə və İran arasında əsas əlaqələndirici mərkəz olmaq siyasətindən geri çəkilməyə vadar etmək, Azərbaycan üzərindən bu yaxınlaşmanı pozmaq!

Çünki Qərb analitikləri hesab edirlər ki, Azərbaycan üzərində qurulan Rusiya, Türkiyə, İran əməkdaşlığı Qərbin təkcə Cənubi Qafqazdan yox, Mərkəzi Asiyadan da qovulmasına və beləliklə də, Çindən Avropaya gedən bütün quru nəqliyyat əlaqələrinə nəzarətin itirilməsinə, iqtisadiyyatlarının bu ölkələrin quracağı ittifaqdan asılı hala düşməsinə gətirib çıxaracaq.

...Odur ki, Əliyevin Qərbin planlarını qabaqlayaraq 7 fevrala erkən prezident seçkiləri təyin etməsinə də onlar bu seçkilərin nəticələrini Avropa təsisatları və nəzarətlərindəki müxalif siyasi təşkilatlar vasitəsiylə indidən qeyri-legitim elan etmək çağırışlarıyla cavab verirlər.

Çünki seçkilərin nəticələrinin tanınmaması və İlham Əliyevin “qeyri-legitim prezident” elan edilməsi sanksiyaların tətbiqinə, həmçinin paralel olaraq da, qarşıdakı 7 il ərzində əlverişli situasiyalarda kütləvi iğtişaşların təşkilinə, xalqı ayağa qaldırmağa, ənənəvi “Maydan ssenariləri”nin işə salınmasına indidən hüquqi-siyasi zəmin hazırlamaq cəhdləridir...

Qərbin ölkəmizlə bağlı bütün bu məkrli ssenarilərinə isə Azərbaycan xalqının bircə cavabı olmalıdır: 7 fevral seçkilərinə bir milli savaş kimi yanaşılmalı, yüksək seçici fəallığı götərilməli və bütün dünyaya göstərilməlidir ki, Azərbaycan xalqı bir Ordutək ona qələbə qazandıran Ali Baş Komandanının arxasındadır!

Elxan Şükürlü
Xəbəri paylaş