Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA olmasa da bizim alternativ platformalarımız çoxdur

AŞPA olmasa da bizim alternativ platformalarımız çoxdur


“Qərbə gücsüz və asıllı vəziyyətdə olan Azərbaycan lazımdır. Torpaqlarımız erməni işğalı altında olduğu dövrdə bizi gücsüz və aciz görürdülər. Ona görə də səslərini çıxartmırdılar. Amma Azərbaycan bu gün ölkə başçımızın rəhbərliyi altında qalib və güclü ölkəyə çevrilmişdir. O cümlədən bu gün Azərbaycan dünya nizamında baş verən proseslərə təsir etmək gücünə malik ölkə olmuşdur. Ona görə də Qərb və Avropa Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilmir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov Avropa Şurası Parlament Assambleyasında yaşanan son hadisələrə münasibət bildirərkən səsləndirib. Millət vəkili bildirib ki, Fransanın, AŞPA-nın və digərlərin ölkəmizə qarşı qərəzinin əsası da bundan qaynaqlanır:

“Düzdür, biz AŞPA-da fəaliyyətimizi qeyri-müəyyən müddətə dayandırdıq və onlar bizə qarşı qərəzli qərar qəbul etdilər. Biz AŞPA-ya üzv olanda gözləntilərimiz böyük idi. Amma AŞPA bizim gözləntilərimizi doğrultmadı və əksinə ölkəmizin ictimai-siyasi sabitliyini pozmağına cəhdlər etdi. Bu gün isə bizə AŞPA dialoq üçün bir platforma kimi lazım idi. Lakin onların bizə qarşı düşmənçiliyini görəndə biz onlardan müəyyən müddətə imtina etdik”.
Azər Badamov qeyd edib ki, bizim itirəcəyimiz yeganə məsələ AŞPA dialoq platformasıdır:

“Dialoq üçün isə AŞPA olmasa da bizim alternativ platformalarımız çoxdur. Amma Azərbaycanın orda olmaması ilə onlar çox şey itirəcəklər. Bundan sonra Qərbin Azərbaycanla nə qərarlar qəbul edəcəyini deyə bilmərik. Çünki, onlar haqqımızda müsbət düşünmürlər. Onların beyinləri islamofobiya, türkfobiya və azərbaycanfobiya ilə zəhərlənmişdir. Qəbul olunmuş bütün qərəzli qərarların təməlində Fransa və ABŞ dayanır”.

Millət vəkili onu da qeyd edib ki, bu gün ABŞ və Fransanın özünün daxili problemləri çox qabarmışdır:

“Hesab edirəm ki, onların başı özlərinin daxili problemlərinə qatılacaq və daxili problemləri mövcud hakimiyyətlərin sonlanması ilə nəticələnəcəkdir. Bu gün bizimlə düşmənçilik edən dövlətlərdə hakimiyyət dəyişikliklərindən sonra rəhbərliyə gələcək yeni simalarla yenidən uğurlu əməkdaşlığımızı bərpa edə biləcəyimizi düşünürəm. Bu baxımdan Qərbin Azərbaycana təzyiq göstərilməsi ilə bağlı atılacağı addımların davamlı olacağını düşünmürəm. Hətta davam etsələr belə bizim qorxumuz yoxdur. Çünki dostlarımızın sayı düşmənlərimizdən çoxdur”.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş