Ötən həftə sonu Ermənistan ordusunun yaranmasının 32-ci ildönümü ilə bağlı keçirilən görüşlərdə səslənən fikirlər, xüsusilə baş nazir Nikol Paşinyanın mesajlarından aydın oldu ki, İrəvan silahlanma prosesini davam etdirməkdə maraqlıdır. Bu ərəfədə Ermənistanda revanşist fikirlərin də artması onu deməyə əsas verir ki, İrəvan hələ də sülhdən yana deyil. Elə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da bu qənaətdədir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan real sülh naminə qətiyyət və siyasi iradə nümayiş etdirmək əvəzinə, gündə bir təkliflə çıxış edir və gah “Sülh kəsişməsi” adlı absurd layihəni piar edir, gah da sülh müqaviləsinə yeni əlavələrini Bakıya ünvanlayır. Sülh demaqogiyası ilə məşğul olan erməni baş nazir ötən gün növbəti təkliflə çıxış edib, rəsmi Bakıya sülh müqaviləsinin imzalanmasının gecikəcəyi halda qarşılıqlı “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib:
"Bu təklifi “ordu” günü münasibətilə çıxışı zamanı səsləndirən N.Paşinyan həmçinin, silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılmasından, qoşunların güzgü prinsipi ilə geri çəkilməsindən dəm vurub. Bütün bunlar Paşinyanın ənənəvi sevimli mövzularıdır. O, bu mövzuları təkrar-təkrar dilə gətirməklə guya həm özünün, həm də Ermənistanın gerçək sülhsevər imicini formalaşdırmağa çalışır. Lakin “ağıllı” quş dimdiyindən tələyə düşdüyü kimi, Ermənistanın populist baş naziri də yersiz və ziddiyyətli açıqlamaları ilə özünün sülhsevər olmadığını ifşa edir. Belə ki, onun “sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif edirik" düsturu ilə çıxış etməsi yekun sülh sazişini imzalamaqda maraqlı olmadığını göstərir. Paşinyan bu yolla sülhdən yayınmaq üçün bəri başdan əl yeri qoyur, zəmin yaradır".
AHK sədri deyib ki, real sülhdə maraqlı olan ölkə lideri heç vaxt sülh sazişinin imzalanmasının əvəzinə söz oyunu ilə məşğul olmaz və hansısa paktın imzalanmasını təklif etməz:
"Paşinyanın bu təklifi eyni zamanda Ermənistanın özünə əmin dövlət olmadığını göstərir. Özünə əmin olan və siyasi iradə nümayiş etdirən tərəf “sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi”ndən niyə narahat olmalıdır ki? Əslində bu ifadənin və bu təklifin də arxasında məkrli erməni hiyləsi gizlənir. Yəni ki, sülh müqaviləsinin imzalanmasını süni surətdə yubatmaq üçün Bakıya vaxtaşırı təkliflər, əlavə və düzəlişlər göndərən İrəvan sabah da bizi sülh müqaviləsinin bağlanmasının gecikdirilməsində günahlandıraraq, ümumiyyətlə, sülh prosesindən imtina edə bilər. Bu halda isə hücum etməmək haqqında pakt imzalamağı önə çəkməklə Ermənistan yenə də izi azdırmağa və özünü yaxşı tərəf kimi göstərməyə çalışacaq.
Bir sözlə, görünən budur ki, Ermənistanın sürüşkən liderinin heç bir sözünə inanmaq olmaz. Əslində sülh bizdən daha çox Ermənistanın özünə lazımdır. Lakin bunu anlamaq istəməyən Paşinyanın öz sələflərinin yolunu tutması və müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatması təəssüf hissi doğurur. Əgər Paşinyan bu cür sərsəm üsullarla Ermənistanın güclənməsinə qədər sıgortalanmağı düşünürsə, ciddi səhvə yol verir. Ermənistanın yenidən silahlanması və revanşizmə can atması ermənilər üçün ən ağılsız seçimdir".
Süleyman