"7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Ölkə və dünya ictimaiyyətində namizədlər, onların apardıqları təbliğat-təşviqat kampaniyası, ümumilikdə isə seçki haqqında geniş müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Azərbaycanı və tarixi qələbəmizi gözü götürməyən qüvvələr də əllərindəki bütün imkanlardan istifadə etməklə prosesə müdaxilə etmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, AŞPA-nın üzvü olan bir qrup dövlətin ölkəmizə qarşı qərəzli mövqe sərgiləməsi də məlum məqsəddən irəli gəlir:
"Ancaq heç bir qüvvə Azərbaycanın regionda, o, cümlədən dünyada yaratdığı yeni reallıqlara, möhtəşəm qələbəmizə, uğurlu daxili və xarici siyasətimizə kölgə sala bilməz. Qalib xalqımız fevralın 7-də tarixi seçimini edəcək və bütün dünyaya öz iradəsinin sarsılmazlığını, qüdrətinin ucalığını nümayiş etdirəcək".
Anar Salehoğlu deyib ki, Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasəti keçən iki əsr ərzində formalaşmış torpaqlarımızın itirilməsi tendensiyasını kökündən dəyişdi, əsrlərdir hökm sürən stereotipləri qırdı:
"Daim torpaq itirən, qəlbində davamlı yaralar açılan xalqımıza öz ata-baba yurdlarını geri qaytaran Müzəffər Ali Baş komandan və onun rəşadətli ordusu bütün yaraları sağaltdı".
İctimai-siyasi fəal onu da deyib ki, qalib xalqın seçimində həlledici rolu gənclər oynayacaq:
"Azərbaycan gəncliyinin üzərinə prezident seçkilərində böyük məsuliyyət düşür. Çünki vətənimizin və xalqımızın gələcəyi gənclərin əlindədir. Onlar seçkilərdə fəal iştirak edərək ölkəmizin gələcəyinin müəyyən edilməsində öz sözlərini deməlidirlər. Başda cənab prezident İlham Əliyev olmaqla bütün ziyalılarımız, elm və təhsil adamları, ümumiyyətlə hər kəs gəncliyə böyük ümidlər bəsləyir, onlara inanır. Bizlərə böyük etimad göstərilir. Bu etimadı çalışıb qazanmışıqsa onu doğrultmaq üçün daha da çox çalışmalıyıq".
S.İsmayılbəyli