“Azərbaycanın çoxminli təhsil ictimaiyyətinin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı Cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, məhz İlham Əliyevin ötən 20 il ərzində ölkəyə rəhbərlik etdiyi dövr bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğur və nailiyyətlərlə yadda qalıb:
“Bütün bunlarla yanaşı bu illər ərzində təhsil işçilərinin əmək haqqı müntəzəm olaraq qaldırılması, təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər üçün fəxri adların verilməsi, eləcə də bu sahəni əhatə edən bir sıra mühüm əhəmiyyətli layihələr ölkənin çoxminli təhsil işçilərinin Cənab İlham Əliyevə səs vermələrini şərtləndirən başlıca amillərdir. Məhz Heydər Əliyev siyasi kursu və bu kursun ötən 20 ildə uğurla davam etdirilməsi nəticəsində müəllim adı öz əvvəlki nüfuzuna qayıdıb, şərəfli peşə olduğu gerçəkliyini yaradıb. Ona görə də hesab edirəm ki, təhsil ictimaiyyəti bütün bunlara görə Cənab İlham Əliyevə mənəvi borclarını qaytarıb onu yenidən dövlət başçısı seçəcəklər”.
Süleyman İsmayılbəyli əmin olduğunu bildirib ki, Cənab İlham Əliyevin prezidentliyinin növbəti illəri bütün sahələr kimi təhsil sahəsində də yeniliklərlə yadda qalacaq, bu sahənin daha da inkişaf və tərəqqisi istiqamətində dövlət başçısı müvafiq addımlar atacaq.
Nərgiz Əzizova