Yaxın Şərqdə çox təhlükəli proseslər cərəyan etməkdədir. HƏMAS-ın İsrailə hücumu ilə başlayan gərginlik sonradan Qırmızı dənizə sıçradı. Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücum etməsinə cavab olaraq Birləşmiş Ştatların atdığı adekvat addımlar bəzi müsəlman ölkələrində o qədər də xoş qarşılanmayıb. Elə ötən gün İordaniyadakı Amerika bazasına baş tutan hücum da bu qəbildəndir.
Newscenter.az-ın xəbərinə görə, baş verənləri şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, İordaniyada ABŞ bazasına edilən son hücum yeni və daha böyük regional gərginliyin müjdəçisidir. Onun sözlərinə görə, ABŞ-da əksər siyasi qüvvələr Bayden admistirasiyasından birbaşa İranın hədəfə alınmasını istəyir:
"Respublikaçılar vəziyyətdən istifadə etmək istəyirlər. Bu Tramp üçün əla fürsətdir. Əgər Bayden bu dəfə də əməli addımlar atmasa, bu onun imicinə çox pis təsir edəcək. ABŞ-ın bəzi siyasi rəsmiləri bu fikirdədirlər ki, İran ərazisi bombalanmalıdır".
Ancaq Zeynal Əmrəliyev inanmır ki, Bayden seçki öncəsi buna gedər:
"Ancaq artıq Bayden admistirasiyası İran dəstəkli regional qruplara qarşı əməliyyata başlamağa məcburdur. Bayden İran qarşısında sakit durmaqla Donald Trampı Ağ Evə çox yaxınlaşdırır. Ehtimal ki, "qoca demokrat" bu dəfə buna gedəcək. Yaxın Şərqdə yeni və daha güclü hərbi əməliyyatları görmək ehtimalımız böyükdür. ABŞ-ın Hizbullah və husilərə qarşı geniş əməliyyata başlaması an məsələsidir".
S.İsmayılbəyli