Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Özbəkistanda “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub


Azərbaycanın Özbəkistandakı səfirliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Bakıda rus dilində nəfis tərtibatla çap olunan Emil Nəsirlinin “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatını keçirib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm və mədəniyyət xadimləri, jurnalistlər, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov təqdimat mərasimini açıq elan edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onu Türk dünyasının müdrik siyasətçisi, dostu adlandırıb.

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abduqappor Qırğızboyev Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Heydər Əliyevin xidmətlərindən danışıb, kitabın əhəmiyyəti haqqında məlumat verib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq deyib ki, Ulu Öndər Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bir çox ölkədə hörmətlə yad olunur. Diplomat vurğulayıb ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətdə ölkəmizin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq. Səfir kitabın əhəmiyyəti haqqında məlumat verib, toplunun qiymətli mənbə olduğunu vurğulayıb.
Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.

Professor Niqina Şermuxammedova, yazıçı İsmat Kuçiyev, Özbəkistan Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü, ekspert Cəmilə Şermuxamedova və başqaları ümummilli lider Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi qiymətləndiriblər.

Kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli kitab üzərindəki işindən danışıb, təqdimatın təşkilatçılarına-səfir Hüseyn Quliyevə və digərlərinə minnətdarlıq edib.

Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev “Azərbaycanım” beynəlxalq jurnalının xüsusi mükafatına layıq görülüb.

Sonra qonaqlara hədiyyələr və diplomlar təqdim edilib.



Süleyman
Xəbəri paylaş