Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

GUAM bizim üçün əhəmiyyətini itirmiş platforma sayılır

GUAM bizim üçün əhəmiyyətini itirmiş platforma sayılır


Azərbaycana düşmən kəsilən qüvvələr müxtəlif təzyiq formalarından istifadə etməklə Azərbaycanla diktə dili ilə danışmağa çalışdıqları halda, Bakının dostları və müttəfiqləri, birgə təmsil olunduğu təşkilatlar Azərbaycana qarşı əsassız təzyiqləri, təqibləri pisləyir, bunu qəbuledilməz sayırlar. Bu günlərdə AŞPA-nın Azərbaycanla bağlı qərəzi fonunda həmin addımı tənqid edənlər, qınayanların timsalında bunu aydın şəkildə gördük.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov cərəyan edən geosiyasi proseslərə nəzər salaraq bildirib ki, geosiyasi müstəvidə baş verən bəzi hadisələr bizə dostlarımızı və düşmənlərimizi daha yaxından tanımağımızda və gələcək prioritetlərimizi düzgün müəyyənləşdirməyimizdə yardımçı olur:

"Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermədə bizim dost və müttəfiq hesab etdiyimiz bəzi ölkələrin bitərəf qalması, digərlərinin isə əleyhimizə səs verməsi bu gün bizə xarici siyasətimizdə müəyyən korrektələr etmək, eləcə də Gürcüstan, Ukrayna və Moldovanın da üzv olduğu GUAM təşkilatı ilə bağlı qəti qərar qəbul etməyimiz üçün tam əsas verir.

Adlarını çəkdiyim ölkələr ikitərəfli münasibətlərdən əlavə, həm də GUAM-da Azərbaycanın tərəfdaşları sayılırdısa, deməli, sözügedən səsvermə zamanı da ədalətli və prinsipial mövqe tutmalı və birmənalı olaraq ölkəmizi dəstəkləməliydilər. Lakin əfsuslar olsun ki, onlar Azərbaycana qarşı olduqca pis mövqe tutdular. Belə ki, Moldova həmin səsvermədə bizə qarşı səs verdi, Ukrayna və Gürcüstanın nümayəndə heyətləri isə səsvermədə iştirak etməkdən yayındı. Onların bu hərəkəti sözsüz ki, hamımızı məyus etdi. Çünki biz bu ölkələrin ən kritik, çətin vaxtlarında onlara daim dayaq durmuşuq, kömək etmişik, siyasi dəstək vermişik. Lakin bu ölkələr Azərbaycan üçün önəmli bir məqamda etibarsızlıq nümayiş etdirdilər və necə deyərlər, bizi meydanda tək qoydular.

Bəs, bu halda biz nə etməliyik? Naxələf dostlarımıza cavabımız necə olmalıdır? Hesab edirəm ki, bizim bu ölkələrin AŞPA-dakı riyakar siyasi gedişlərini adekvat şəkildə cavablandırmaq üçün hələ qarşıda çox imkanlarımız olacaq. Lakin konkret olaraq məhz hazırkı məqamda GUAM-a sədrlikdən imtina etməyimiz və bu təşkilatdan çıxmağımız Ukrayna, Gürcüstan və Moldovaya ən təsirli cavablarımızdan biri ola bilər. Onlar bizi AŞPA-da tək qoydularsa, bizim GUAM-da onlarla eyni ortamda fəaliyyət göstərməyimizin artıq heç bir anlamı qalmır. Şübhəsiz ki, biz bundan sonra sözügedən ölkələrlə münasibətlərimizə müəyyən çəki-düzən verəcəyik".

Əlisahib Hüseynov deyib ki, GUAM artıq həm diplomatik, həm də siyasi anlamda da bizim üçün aktuallığını və əhəmiyyətini itirmiş platforma sayılır:

"Çünki Azərbaycan bu qurumun digər üzvlərindən fərqli olaraq öz ərazi bütövlüyünü bərpa edib, separatizm probleminin həllinə nail olub. Bu mənada GUAM bizim üçün keçilmiş, geridə qoyulmuş mərhələdir. Bizim bu qurumda sədrliyimizə də, üzvlüyümüzə də xitam verməyimizin vaxtı çatıb. GUAM-dakı nankor tərəfdaşlarımızı öz problemləri ilə baş-başa buraxmağımız günün tələbidir. Biz ilk növbədə öz milli maraqlarımızdan çıxış edirik. GUAM-da qalmaq hazırkı məqamda milli maraqlarımıza cavab vermir".

Süleyman
Xəbəri paylaş