"Ermənistan baş naziri Nikol Paşinyanın Bakıya təqdim etdiyi təkliflər arasında iki məqam xüsusi diqqət çəkir. Birincisi, hər iki ölkənin qarşılıqlı şəkildə silahlara nəzarət mexanizmini qurması, ikincisi, sülh sazişinin imzalanması gecəkəcəyi təqdirdə, tərəflərin bir-birinə hücum etməmək barədə paktın imzalanması.
Göründüyü kimi rəsmi İrəvanın reallıqdan uzaq istəkləri bu ölkənin hələ də qeyri-ciddi abu-havada olduğuna işarədir. Çünki onlar yaxşı bilir ki, Azərbaycan bu təklifə müsbət cavab verməyəcək".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələllər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O hesab edir ki, hazırda Ermənistan baş naziri vəziyyətdən çıxış yolu axtarışındadır:
"O, mövcud şərtlərə əsasən sülh sazişi imzalamaq istəmir, həmçinin "silahlara nəzarət", "hücum etməmək haqda pakt" kimi addımlarla rəsmi Bakının əl-qolunu bağlamağa çalışır.
Nikol Paşinyanın silahlara nəzarət mexanizmini təklifi mövcud reallıqlar fonunda həqiqətən absurd yanaşmadır. Bu mexanizm o zaman qurula bilər ki, hər iki ölkənin bir-birini məhv etmək imkanı olsun. Tarixdən ABŞ və SSRİ arasında bu tip razılaşmanın olması bəllidir. Hər iki super gücün bir-birini məhv etmək imkanları mövcud idi. Görünür Nikol Paşinyan Ermənistanı ABŞ və SSRİ ilə müqayisə edir. Lakin indiki məqamda Ermənistan və Azərbaycanın hərbi güc balansı ölkəmizin lehinə müqayisə olunmayacaq qədər yüksəkdir. Çünki Azərbaycan ordusu "Dəmir Yumruq" əməliyyatı nəticəsində rəqib qüvvələri məhv həddinə çatdırıb, silah arsenalını böyük ölçüdə sıradan çıxartmağı bacarıb. Həmçinin kəşfiyyat orqanlarımız düşmən ölkənin silahlanma istiqamətində fəaliyyətlərinə bələddir və nəzarət edir. Belə olduğu halda İrəvan rəhbərliyi sadəcə olaraq "Ermənistan sülhdən yanadır və hərbi arsenalını açmağa hazırdır" görünüşü formalaşdırmağa çalışır. Və bu addım növbəti dəfə dünya ictimaiyyəti aldatmağa yönəlmiş gedişlərdəndir".
Pərviz Mirizadə deyib ki, ikinci təklif isə Ermənistanın sülh sazişi imzalmayacağına işarədir:
"İrəvan adminstrasiyası elə düşünür ki, Qərbin onlara dəstəyi azalacağı və Ermənistana manevr etmək imkanı qazandıran şərtlərin dəyişəcəyi təqdirdə rəsmi Bakı problemin həllini hərbi müstəviyə keçirə bilər. Lakin Azərbaycan tərəfi dəfələrlə Ermənistana hücum etmək marağında olmadığını ifadə edib və mövcud şərtlər çərçivəsində bu ssenari o qədər də sərfəli deyil. Buna rəğmən Paşinyanın irəli sürdüyü təkliflər Bakını təzyiq altında saxlamağa hesablanıb".
Süleyman