Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qəfil istefası çoxlu sualların ortaya çıxmasına səbəb oldu. Kifayətqədər mövqeləri möhkəm olan, demək olar ki, həm Qərb, həm də Rusiya tərəfindən qəbul edilən Qaribaşlinin istefasına nəyin səbəb olduğuna demək olar ki, bu gün də tam aydınlıq gətirilməyib. Ancaq sabiq baş nazirin istefasına səbəb olan amillər barədə ekspertlər müxtəlif versiyalarla çıxış edirlər.
Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov deyib ki, Azərbaycanın israrlı şəkildə Zəngəzur dəhlizinin açılmasına çalışması Gürcüstanın planlarının əksinə idi. Onun sözlərinə görə, Gürcüstan bu dəhlizin əleyhinədir:
"Çünki onlar hesab edirlər ki, bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətdən düşməsinə səbəb olacaq. Gürcüstanın Çinlə strateji əməkdaşlıq müqaviləsi imzalaması, bununla yanaşı Hindistanın İrandan keçməklə Ermənistan-Gürcüstan proyektlərinin əsas ölkəsi Gürcüstan olur. Onda niyə Gürcüstan oyundan kənarda qalmalıdır? Azərbaycanın arxasınca gəlməlidir. Hesab edirəm ki, yeni dövlət başçısı Azərbaycanla qarşıdurma yaradacaq yol seçəcək. Onlar Azərbaycanın Gürcüstandan asılılığını yaxşı bilirlər. Bu olacaqsa, Ermənistan daha rahat hərəkət edəcək".
Azər Qasımov onu da deyib ki, İrakli Qaribaşvilinin vəzifəsindən istefa verməsi Azərbaycana ediləcək təzyiqlərin Gürcüstan üzərindən olunacağına hazırlıqdır:
"Ermənistan Cənubi Qafqazın ən zəif halqası kimi Azərbaycanla baş-başa gələ bilmədiyi üçün artıq Qərb, xüsusən də Fransa Gürcüstan kartını oyuna sürür. İ.Qaribaşvili Azərbaycanla uzun illərdir həm onun birinci, həm də ikinci dəfə hakimiyyəti dövründə yaxşı münasibətləri olub. Onun Azərbaycan əleyhinə fəaliyyət göstərməyəcəyi aydın idi və hesab edirəm ki, onun istefası da bu səbəbdən oldu".
Süleyman