"Avropa Parlamenti özünün qərəzli və ikili siyasətinin konturlarını indi çızmayıb. 30 il Azərbaycan torpaqlarının işğalı dövründə bir dəfə də olsun Ermənistana qarşı ciddi addım atmayan AP-nın Azərbaycana torpaqlarını azad etdikdən sonra göstərdiyi reaksiya Avropa ölkələrinin adına ləkədir".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, özlərini sivil dünyanın aparıcı dövlətləri hesab edən Avropa ölkələrinin bir hissəsi belə hərəkətləri ilə əslində sivil dünya anlayışının bir siyasi oyun olduğunu isbat edirlər:
"Bunun nəticəsidir ki, onlara tərəf yönəlmək istəyən ölkələr də Avropa Birliyi və onların digər qurumlarının bir xristian klubu olduğunu daha çox qəbul edirlər".
Azər Qasımov deyib ki, Azərbaycanın Ermənistan üzərində qələbə qazanaraq, öz ərazi bütövlüyünü bərpa etməsini Avropa Parlamenti qəbul etmək istəmir və Azərbaycanı sanksiyalarla filan hədələyirlər:
"Əslində bu çarəsizliyin bir əlamətidir. Sanksiya və ya hansısa digər bir addımın Azərbaycanı geri addım atdıracağı fikrinin boş cəfəngiyyat olduğunu onlar bizdən yaxşı bilir, başa düşürlər.
Amma öz hegemonluq iddialarından da əl çəkə bilmirlər. Yaxşı başa düşürlər ki,
Azərbaycan Avropa dövlətləri arasında güclü və qalib imici ilə daha yuxarı mövqelərə gələcək. Ona görə də indidən narahatdırlar, xüsusən də, Avropa ölkələri üzərində hegemonluq edən Fransa və Almaniya, onların əlinə baxan bir sıra ölkələr".
Azər Qasımov hesab edir ki, AP-nin səyləri öncədən məğlubiyyətə düçar olmağa məhkumdur:
"Avropa ölkələri Azərbaycan üçün tək prioritet istiqamət deyil. Azərbaycanın öz yolu var. Türk dünyası ilə inteqrasiya. Avropa Birliyi əgər Azərbaycandan imtina etməyə hazırdırsa, onda yeni güc mərkəzi olan Turan Birliyini görməyə hazır olsun".
Süleyman