“Avropa Parlamenti bir qayda olaraq Azərbaycana qarşı hər zaman qərəzli olub, ədalətsiz yanaşma ortaya qoyub. Bu baxımdan Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatında əksini tapan Azərbaycana qarşı qərəzli, birtərəfli mövqe başa düşüləndir. Çünki fəaliyyətlərini erməni lobbisinin maliyyəsi əsasında formalaşdıran avroparlamentarilərdən bundan artıq nəsə gözləməyə dəyməz”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, sözügedən qurumun antiAzərbaycan mövqeyi bizdə təəssüf doğursa da, lakin bir reallığı qəbul etmək məcburiyyətindəyik:
“Bu da ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, öz ərazisində separatizmin kökünü kəsməsi Avropanın bəzi siyasi təsisatları, ayrı-ayrı dövlətlərinin ürəyincə deyil. Ona görə də İkinci Qarabağ savaşından sonra Azərbaycana qarşı sanki həmin təsisat və qurumlar tərəfindən sistemli hücumlar başlayıb. Avropa Şurası Parlament Assambleyası ilə Avropa Parlamenti sanki erməni lobbisinin maliyyə bosslarının dirijor çubuğu ilə mahnı ifa edirlər. Təsəvvür edin ki, 30 ilə yaxın azərbaycanlıları öz yurd-yuvalarından didərgin salan, Azərbaycanın 20 faiz ərazisini işğala məruz qoyaraq ərazilərimizdə vandallıqlar törədən Ermənistana bu illər ərzində törətdiyi bəşəri cinayətlərə görə bir kəlmə belə irad bildirməyən, ona qarşı hansısa bir addım atmayan Avropanın siyasi təsisatları, xüsusilə də AŞPA və Avropa Parlamenti Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, separatizmin kökünü kəsməsi məqsədilə həyata keçirdiyi antiterror tədbirlərini aqressiya kimi qələmə verir. Bunun adı təkcə Azərbaycana qarşı qərəz nümayiş etdirmək deyil, eyni zamanda siyasi riyakarlıq, beynəlxalq hüquqa hörmətsizlikdir. Ən əsası separatizmə, terrorizmə dəstək deməkdir. Çünki Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri ərazimizdə məhz terrorla, separatçılıqla məşğul idilər”.
Millət vəkili bildirib ki, Avropanın hansısa siyasi təsisatı və ya dövlətinin Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirib qərarlar qəbul etməsindən asılı olmayaraq ölkəmiz Cənab İlham Əliyevin rəhbərliyi altında öz haqq yolunda inamla irəliləyir və qarşısına qoyduğu hədəflərə mərhələ-mərhələ nail olur:
“Bu kimi siyasi təsisatların ölkəmizlə bağlı qəbul etdikləri hər hansı qərar və qətnamələr də bizim üçün kağız parçasından başqa bir şey deyil”.
Süleyman