Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatında Azərbaycana qarşı qarayaxmaların arxasında dayanan əsas fiqurlardan biri, Fransa Prezidenti Emanuel Makrondur. Bu adam 44 günlük ikinci Qarabağ savaşından sonra start verdiyi siyasi təlxəklikdən əl çəkmək istəmir və Azərbaycana qarşı bir-birinin ardınca qərəzli addımlar atmaqda davam edir. Azərbaycan onun bu hərəkətlərinə hər dəfə “it hürər, karvan keçər” prinsipi ilə yanaşsada, adam siyasi həyasızlığını yerə qoymaq fikrində deyil.
Avropa Parlamentinin Azərbaycana qarşı son qərəzli qətnaməsinin arxasında erməni lobbisinin pulları ilə yanaşı Makronun siyasi barmağının olduğu şübhəsizdir. E.Makron başa düşmür ki, belə addımlarla Cənubi Qafqazın açar dövləti olan Azərbaycanı Fransaya və Avropa Birliyinə qarşı qoyur.
Fransa prezidentinin bu gün Azərbaycana qarşı oynadığı bütün siyasi oyunların başında, Fransanın Cənubi Qafqaza girməsi kimi bir istəyi dayanır. Lakin cılız siyasət adamı E.Makron anlamır ki, Türkiyə, Rusiya və Azərbaycan istəmədən Fransa kimi dövlətlərin Cənubi Qafqaza gəlməsi mükün deyil. İndiki durumda Cənubi Qafqaza hərbi təhdidlər yolu ilə daxil olmaq cəhdləri ağılsızlıqdan başqa heç nə ola bilməz. Ancaq Makron tələsir. O, Afrikadan qovulmuş Fransaya yeni resurs mənbələri axtarışındadı və bu səbəbdən uzaq olmayan perspektivdə böyük iqtisadi, enerji, nəqliyyat və ticarət mərkəzinə çevriləcək Cənubi Qafqazda indidən əsaslanmağa can atır. Ancaq anlamaq istəmir ki, bu yolla istəyinin reallaşdırılması mümkün deyil. Ona görə də əli çatan bütün vasitələrdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışır.
E.Makron yaxşı başa düşür ki, anqlosaksların uzağa hesablanmış planları əsasında İngiltərənin Avropa Birliyindən çıxması ilə Avropa Birliyinin sonunun başlanğıcı artıq qoyulub və Ukrayna müharibəsi bu qurumun sonunu yetirəcəkdir. Bu yolda növbəti addım isə çox yaxında Amerika Birləşmiş Ştatlarının Ukraynaya yardım kampaniyasından çıxması ilə atılacaqdır və bu addımla anqlosakslar Avropa Birliyini Rusiya ilə meydanda təkbətək qoyacaqlar. Bu perspektivlər ortadaykən Fransanın Avroparlament kimi strukturlar vasitəsilə Azərbaycana qarşı uğursuz gedişlərinə lüzum varmı? Görünən odur ki, E.Makronun bu addımlarına cavab olaraq sonda Azərbaycan öz ərazisindən bütün Fransız şirkətlərini qovub çıxaracaq və bununla da Makronun bütün əməllərinin cavabı veriləcəkdir.
Avropa Parlamentinin son qətnaməsi bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyini əks etdirən növbəti addımdır. Bundan əvvəl də Avropa parlamenti Azərbaycanla bağlı bir neçə qərəz dolu qətnamələr qəbul etmişdi. Bu parlament Avropada ədalətsizliyin hegemonluq etdiyi bir strukturdu. Bu parlament əgər 30 ildə Ermənistanın işğal altına aldığı Azərbaycan torpaqlarında erməni vandallarının Xocalı, Başlıbel və digər yaşayış məntəqələrimizdə törətdikləri soyqırımlara, Qarabağ torpaqlarımızdakı yaşayış məntəqələrimizdə daşı-daş üstündə qoymamalarına göz yumub indi də Azərbaycan hökumətindən Qarabağdan öz xoşu ilə rədd olub getmiş erməniləri geri qaytarmağı və onların təhlükəsizliyinə təminat verilməsini tələb edirsə - bu siyasi əxlaqsızlığın son həddi deməkdir. Bu qədər haqsızlığı görməzdən gəlib Azərbaycana qarşı qarayaxmalarla dolu qətnaməyə səs vermiş Avroparlamentin hər bir deputatı şərəf və ləyaqətini ayaqlar altına atmış biriləridirlər…
Azərbaycan öz ərazi bütövlüyünü öz oğullarının qanı bahasına bərpa edib. Avropa parlamenti kimi siyasi alətlərin hər hansı bir qərarı Azərbaycan üçün adi kağız parçasından başqa heç nə ola bilməz… Bizi enerji sahəsindəki əməkdaşlığa dair sanksiyalarla təhdid edənlər bilsinlər ki, Avropaya satdığımız qazın da neftin də digər alıcıları bu məhsulları bizdən almaq üçün qapı arxasında növbə gözləyirlər…
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor
“Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri
Newscenter.az üçün