Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr digər bələdiyyələrlə birləşdiriləcək

Ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr digər bələdiyyələrlə birləşdiriləcək


Martın 1-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Komitə sədri Siyavuş Novruzov gündəliyə 3 məsələnin - “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini deyib. O, qeyd edib ki, hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim olunub.

Əvvəlcə, komitə sədri “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi yerli özünüidarəetmədə səmərəliliyin artırılmasını təmin etmək məqsədi daşıyır. Sənəddə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur. Qeyd olunur ki, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

Layihədə bildirilir ki, birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edir. Milli Məclis həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq surətdə qərar qəbul edir. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.

Sonra Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə məlumat verib. O, təklif edilən dəyişikliklərin “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.

Gündəliyin digər məsələsini – “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsinin Şəfəq adlandırılması, Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi və həmin qəsəbənin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi təklif olunur.

Qeyd edilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə salınmış bu yaşayış kompleksinin rayon ərazisində olan yaşayış məntəqələrindən uzaq olması, burada məskunlaşmış əhalinin inzibati ərazi dairəsinin mərkəzi ilə əlaqə saxlamasının təmin edilməsi, onların mədəni-sosial ehtiyaclarının ödənilməsi, bu ərazidə dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliliyinin artırılması və dövlət orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması həmin yaşayış kompleksinin ərazi vahidi kimi qeydə alınmasını və ayrıca inzibati ərazi dairəsinin yaradılmasını şərtləndirir.

İclasda çıxış edən komitənin sədr müavini Elşən Musayev, üzvləri Cavid Osmanov, Aqil Məmmədov, Məzahir Əfəndiyev, Əliabbas Salahzadə, Kamran Bayramov, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva, Tahir Rzayev təklif olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını qeyd ediblər. Millət vəkilləri bələdiyyələrin birləşdirilməsinin onların gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətindən söhbət açıblar.

Müzakirələrin sonunda gündəliyə daxil olan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Süleyman
Xəbəri paylaş