Fövqəladə Hallar Nazirliyi Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat yayıb.
Bu barədə Newscenter.az-a “FHN”dən məlumat verilib.
Qeyd olunub ki, yanğınla bağlı məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan sonra dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb.
FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Mehman Mehdiyev