"Bu ay Zəngilanda beynəlxalq mina konfransı keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə bu cür tədbirlərin təşkil olunması, əlbəttə, mühüm addımdır. Ancaq bu konfranslara təşrif buyuran müxtəlif beynəlxalq qurumların nümayəndələri ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrləri kimi özlərini turist kimi aparmamalı və pafoslu, şablon çıxışlar etməklə işlərini bitmiş hesab etməməlidirlər. Çünki məhz onların bilavasitə havadarlıq etdiyi təcavüzkar Ermənistanın 30 illik işğalı nəticəsində torpaqlarımızın 12 faizindən çoxu minalarla çirkləndirilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Fransa prezidenti Emmanuel Makron kimi həm reallıq hissini, həm də vicdan hissini itirmiş araqızışdırıcıların, provokatorların Cənubi Qafqazda gərginliyi süni surətdə artırması və Ermənistanın cəzasız qalmasına şərait yaratması fonunda, biz azərbaycanlılar isə minalardan əziyyət çəkirik və mina partlamalarından itkilərimiz hər keçən ay daha da artır. Belə ki, postmüharibə dövründə (son 4 il ərzində) mina partlayışları 300-dən çox mülki vətəndaşımızın, hərbi qulluqçularımızın, bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərin həyatlarına son qoyub. Bir çox insanlarımız ağır xəsarətlər alıb, sağlamlığını itirib:
"Ermənistanın ərazilərimizdə dağınıq şəkildə basdırdığı saysız-hesabsız minalar (təxminən 1.5 milyon ədəd) təkcə humanitar fəaliyyətlərə deyil, həmçinin vandalizmə və talançılığa məruz qalmış şəhər və kəndlərimizin bərpası, yenidən qurulması prosesinə də, “Böyük Qayıdış” Proqramının sürətlə həyata keçirilməsinə də ciddi surətdə mənfi təsir göstərir. İllərdir yurda qayıdış həsrətilə gözləyən keçmiş məcburi köçkünlərimiz hələ də öz doğma yurdlarına rahat şəkildə qayıda bilmirlər. Minaların yaratdığı mənəvi-psixoloji gərginlik bu insanların öz yurdlarına qayıtmalarına hələ daha neçə il mane olacaq? Və Ermənistan tərəfi insanlarımıza yaşatdıqları bütün bu stresslərin, həyəcanların, narahatlıqların, gözləntilərin qarşılığını, kompensasiyasını ödəyəcəkmi? Ümumiyyətlə, müharibənin gətirdiyi dağıntıların, fəlakətlərin təzminatı ödəniləcəkmi?".
Komitə sədri deyib ki, beynəlxalq təşkilatların nümayəndələri ilk növbədə bax bu məsələlərə aydınlıq gətirməli və minaların təmizlənməsi üçün texniki imkanlarımızın gücləndirilməsinə dəstək verməli, həmçinin Azərbaycana birbaşa maliyyə vəsaitlərinin ayrılması üçün hərəkətə keçməlidirlər:
"Düzdür, Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır. Lakin bu barədə hələ qəti qərar qəbul olunmayıb. Azərbaycanın üzərinə qarğa-quzğun kimi şığıyan Avropa Parlamentinin üzvləri, ABŞ konqresmenləri, AŞPA-nı təmsil edən Frank Şvabe kimi köpəklər, heç olmasa, hərdənbir vicdanlarının səsinə qulaq asıb Azərbaycanı mina terroruna məruz qoyan Ermənistana da təzyiq etməyə səy göstərməlidirlər. Bu qədər ədalətsizlik və barbarlıq olmaz!".
Süleyman