Böyük güclər arasında gedən qlobal rəqabətin artması özünü dünyanın müxtəlif bölgələrində büruzə verdiyi üçün Cənubi Qafqaz regionu da bu rəqabətə şahidlik edir. Hal hazırda Gürcüstanda baş verən proseslər məhz sözügedən rəqabətin regional təzahürüdür. Avropa İttifaqı Gürcüstana birliyə namizəd statusu verməklə regionda mövcud daxili və xarici aktorları aktivləşdirdi.
Rusiyanın Cənubi Qafqaz siyasətində hərbi-siyasi aspektdən əsas dayaq məntəqəsi Ermənistan olduğu üçün Qərbin Moskvanı regiondan sıxışdırıb çıxartmaq prosesinə Ermənistandan başlaması başa düşüləndir. Lakin sözügedən prosesin icrasında vacib hesab olunan logistik imkanlar yalnız Gürcüstan ərazisindədir. Belə olduğu təqdirdə Qərb siyasi dairələrinin nəzərində prosesdə rəsmi Tiblisin iştirakı vacibdir.
Aİ-nin geosiyasi maraqlarını rəhbər tutaraq Gürcüstana Birliyə namizədlik statusu verməsinə həm də bu konteksdə baxmaq lazımdır.
Təsadüfi deyil ki, sözügedən qərarın ardınca Fransa silahlarının ilk partiyasının İrəvana çatdırılması həyata keçirildi. Rəsmi Tiblisi ölkədə və regionda gərginliyi artıracaq prosesə yaşıl işıq yandırmaqla Ermənistanın təhlükəsizliyinin diversifikasiyası adı altında başqa dövlətlərə qarşı öz ərazisindən istifadə edilməsinə razılıq verdi. Qərbin Rusiyaya qarşı Gürcüstan üzərindən ikinci cəbhə açmaq cəhdlərinə ümumi konteksdən yanaşarsaq bu regionda gərginliyi artırmağa xidmət edən hərəkətlərdir. Xüsusilə də , Rusiya-Ukrayna müharibəsinin nəticələrinin hələ məlum olmadığı bir vaxtda, bu tip ritorika ciddi nəticələri olan fəsadlar yarada bilər.
Pərviz Mirizadə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Newscenter.az üçün