Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar İskəndərov Argentina Parlamentinin deputatı Nahuel Sotello ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. İqtisadi, sosial, mədəni, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial imkanların mövcud olduğu qeyd edilib.
Tərəflər Azərbaycan və Argentina parlamentləri arasında əlaqələrin inkişaf perspektivlərindən söhbət açıblar. Dostluq qrupları çərçivəsində deputatların səmərəli əməkdaşlığı üçün səylərin artırılması, qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin Argentina ictimaiyyətinə çatdırılmasının önəmindən və bu istiqamətdə görüləcək işlərdən danışılıb.
Söhbətdə Bakıda yüksək səviyyədə təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya ölkələri arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Süleyman