Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ diplomatları bundan sonra Azərbaycana münasibətdə daha ehtiyatlı olacaqlar

ABŞ diplomatları bundan sonra Azərbaycana münasibətdə daha ehtiyatlı olacaqlar


"Yaxşı ki, Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış edən çılğın ermənipərəst konqresmenlərin yuvasına çevrilən Kapitolidən və məsuliyyətsiz açıqlamalarla çıxış edən diplomatların baş idarəsi sayılan Dövlət Departamentindən fərqli olaraq Ağ Evdə hələ də reallıq hissini itirməmiş şəxslər, ABŞ-ın mənafelərinə zərbə vura biləcək hərəkətlərin fəsadlarının qarşısını vaxtında ala bilən ayıq və praqmatik rəsmi şəxslər var. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin operativ surətdə Şuşaya göndərilməsi də Ağ Evdəki həmin sağlam düşüncəli rəsmilərin, Azərbaycan-ABŞ münasibətlərinin inkişafına yüksək dəyər verən strateji vizyon sahiblərinin işidir.

Belə ki, səfir Libbinin bir neçə gün öncə jurnalistlərə müsahibəsində Azərbaycanla bağlı yol verdiyi kobud səhvlərin və “kiminsə şousu”nda iştirak etmək istəmədiyi, özünün istədiyi vaxt Şuşaya gedəcəyi barədə səsləndirdiyi təxribatçı fikirlərin Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olduğunu görən Ağ Ev administrasiyası olaya çevik reaksiya verərək səfiri öz açıqlamasının ziddinə addım atmağa məcbur etdi. ABŞ səfiri xanımı ilə birlikdə Füzuli və Şuşaya səfər etməli oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə,
amerikalı səfirin təxribatçı açıqlaması Ermənistan ictimaiyyəti tərəfindən ajiotajla qarşılanmış və revanşist ermənilərin sevincinə səbəb olmuşdu:

"Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına açıq zərbə idi. Baqrat Qalstanyan kimi revanşist keşişlər bunu özləri üçün fürsət kimi dəyərləndirərək narazı kütləni delimitasiyanın əleyhinə daha kəskin çıxış etməyə və Paşinyan iqtidarını devirməyə çağırış edə bilərdi. Yəni ki, səfir Mark Libbi naşı və məsuliyyətsiz açıqlaması ilə necə deyərlər, qaş qayırmaq istədiyi yerdə, vurub gözü də çıxarmışdı".

Əlisahib Hüseynov hesab edir ki, ona görə də rəsmi Vaşinqton Azərbaycanda kəskin narazılıqla, Ermənistanda isə təqdirlə qarşılanan məlum müsahibənin doğura biləcəyi ağır fəsadları vaxtında önləmək və öz səfirinin buraxdığı kobud səhvi düzəltməklə Azərbaycanla yaxşı münasibətlərin qorunub saxlanmasına xüsusi önəm verdiyini göstərmək üçün dərhal hərəkətə keçdi:

"Libbinin təxirə salınmadan Şuşaya səfər etməsi barədə qərar verdi. Bu mənada amerikalı səfirin məlum qalmaqallı açıqlamasından cəmi iki gün sonra öz sözünü geri götürməsi və Şuşaya təcili səfər etməsi heç də təəccüblü deyil.

Xatırlayırsınızsa, bundan bir müddət əvvəl də ABŞ-Azərbaycan münasibətlərində buna bənzər ekstremal bir hal yaşanmışdı. Belə ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə sərt ifadələr səsləndirmiş və ölkəmizi sanksiyalarla hədələmişdi. Lakin O'Brayenə dərhal yeri göstərildi və dərsi verildi. Və həmin açıqlamasından az sonra O'Brayen öz səhvini düzəltmək üçün suyu süzülə-süzülə Bakıya səfər etdi. Bu baxımdan Mark Libbinin də yerində oturdulacağı gözlənilən idi.

Azərbaycan dövlətinin və ictimaiyyətinin prinsipial, qətiyyətli mövqeyini görən Ağ Ev administrasiyası reallığı düzgün qiymətləndirdi və öz səfirini təcili surətdə Şuşaya göndərməklə ABŞ-Azərbaycan münasibətlərinin növbəti dəfə korlanmasının qarşısını vaxtında ala bildi. Bu, həm də onu göstərdi ki, ABŞ artıq 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini tam surətdə qəbul edir. ABŞ-ın bu rasional mövqeyi yəqin ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşməsinə də öz müsbət təsirini göstərəcək".

Komitə sədri deyib ki, ABŞ bir dünya gücü olaraq münaqişənin tam olaraq çözülməsi prosesində müsbət rol oynamağa çalışmalıdır:

"Bu cür böyük dövlətin xarici siyasətinin erməni lobbisinin diktəsindən asılı vəziyyətə düşməsi əlbəttə ki, yolverilməzdir. Ümid edək ki, rəsmi Vaşinqton bundan sonra Azərbaycanla bağlı siyasətini erməni lobbisinin maraqları üzərindən qurmayacaq. ABŞ diplomatları da bundan sonra Azərbaycana münasibətdə daha ehtiyatlı olacaqlar".

Süleyman
Xəbəri paylaş