Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak edib.
Newscenter.az xəbər verir ki, “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən yaşıl hidroenerji layihələri və perspektiv hədəflər haqqında məlumat verilərkən bildirildi ki, dövlətimizin başçısı tərəfindən irəli sürülən Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış və 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi təsbit edilməsi, həmçinin Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə "AzərEnerji" ASC-yə verdiyi tapşırığın icrası məqsədilə işğal dövründə dağıdılmış su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yeni su elektrik stansiyalarının tikintisi barədə hesabat hazırlanaraq təqdim edilib. Hesabata əsasən bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.
Diqqətə çatdırıldı ki, dövlətimizin başçısının regionun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması və hidroenerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tapşırıqlarına uyğun olaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən üç ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək. Bu stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerji istehsal ediləcək. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyası layihəsinin icrası ilə bağlı tender prosedurlarının keçirilməsinə başlanılıb. Bu layihələr üzrə stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi gözlənilir.
Bildirildi ki, ölkənin enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq yaşıl enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq yaşıl enerji ilə təmin ediləcəyi deməkdir.
Sonra dövlətimizin başçısına “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarında (KSES) görülən işlər barədə məlumat verildi.
Qeyd edildi ki, “Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək.
Stansiyaların enerjisistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çəkilməklə stansiyalar ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilib. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaq.
Prezident İlham Əliyev stansiyaları işə saldı.
Sevinc Mehdiyeva