Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra edilməsi mühüm əhəmiyyətə malikdir”

Jalə Əhmədova: “Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra edilməsi mühüm əhəmiyyətə malikdir”


Bu günlərdə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin tarixində əlamətdar hadisə idi. Səfər çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çox ciddi siyasi sənəd olmaqla yanaşı, həm də əlaqələrimizi ən yüksək səviyyəyə qaldıracaq. Bu Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.
Prezident İlham Əliyev mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, bir çox sahələr üzrə aparılacaq işlərə dair önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verilib. Bundan başqa, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılır.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

Ölkə başçımız bəyan etdi ki, Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.

Prezident İlham Əliyev bəyanatında onu da vurğuladı ki, əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanlara sevinc bəxş edəcək.

Jalə Əhmədova, Milli Məclisin deputatı
Xəbəri paylaş