Energetika Nazirliyində ölkəmizdə səfərdə olan “Tetra Tech” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri ilə “Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə AYİB-in Yaşıl İqtisadiyyat və İqlim Fəaliyyəti Departamentinin Əməliyyat Lideri ilə layihənin icraçısı qismində cəlb edilmiş “Tetra Tech” şirkətinin nümayəndələri tərəfindən Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının azaldılması yollarının modelləşdirilməsi haqqında müzakirələr aparılıb, şirkət tərəfindən elektroenergetika sektorunun dekarbonizasiyası siyasətinə dəstək verəcək PLEXOS və TIMES modellərinə dair təqdimat nümayiş olunub. Həmçinin layihə üzrə icra ediləcək tapşırıqlar nəzərdən keçirilib və layihənin mühüm strateji elementləri müzakirə edilib.
Görüşdə Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, layihənin texniki tapşırığı özündə mövcud modellərin hesablanmasını, Azərbaycanın 2050-ci ilə qədər istilik effekti yaradan qazların (İEYQ) emissiyalarının azaldılması yollarının modelləşdirilməsini, Azərbaycanda enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanmasını, habelə bu sahədə potensialın gücləndirilməsi və maraqlı tərəflərin cəlb edilməsini ehtiva edir.
Süleyman