Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi Finlandiyanın “Nokia” və Çinin “Huawei” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonaqlara Azərbaycanda telekommunikasiya sahəsində tənzimlənmə və İKTA-nın fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Agentlik yaradılandan sonra qısa müddətdə ölkəmizdə fəaliyyət göstərən 158 internet servis provayderi (İSP) uçota alınıb və onların hesabatlılığı təmin edilib.
“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, ölkəmizdə sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən orta istifadə sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması nəzərdə tutulub.
İKTA rəsmiləri belə yüksək sürəti təmin etmək üçün isə GPON kimi müasir texnologiyanın tətbiqinin genişləndirilməsi ilə yanaşı, əhali və qeyri-əhalinin istismarında olan son avadanlıqların (modem və s.) keyfiyyətli olmasının da mühüm rol oynadığını qeyd ediblər. Həmçinin son zamanlar bu istiqamətdə vətəndaşlardan gələn şikayətlərin artdığı da diqqətə çatdırılıb. Bildirilib ki, şikayətlərin əsas hissəsi fərdi yaşayış evlərində istismar edilən modemlərin şəbəkəsinin əhatə dairəsinin aşağı olması ilə bağlıdır.
Tövsiyə olunub ki, şirkətlər Azərbaycandakı fəaliyyətlərinin bundan sonrakı mərhələsində bu kimi məsələlərə diqqət yetirsinlər və İKTA bu prosesdə onlara dəstək verməyə hazırdır.
Qonaqlar Azərbaycan telekommunikasiya bazarında uzun müddətdir ki, fəaliyyət göstərdiklərini, son illər ölkəmizdə rəqəmsallaşma sahəsində atılan addımları diqqətlə izlədiklərini bildiriblər. Eləcə də proseslərə dəstək verməyə və bu istiqamətdə İKTA ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Süleyman