Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına çatdırıb.
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Prezident Tarman Şanmuqaratnam bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyi vurğulanıb.
Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib.
Söhbət zamanı parlamentlərin qarşılıqlı fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsində vacib rolu diqqətə çatdırılıb. Bu sahədə müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin əhəmiyyəti qeyd edilib. Spiker bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğunu diqqətə çatdıraraq, səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və bu görüşlərin, aparılan müzakirələrin münasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Görüşdə parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları barədə də məlumat verib.
Söhbət zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. Sinqapur Prezidenti ölkəsinin bu tədbirdə güclü şəkildə təmsil olunacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman