Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il yekunlaşacaq


Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulur.

“Report”un Şuşa şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil yollarının reyestri və layihə smeta sənədlərinin iqtisadi analizi şöbəsinin rəisi Qəzənfər Səfərov jurnalistlərə açıqlamasında deyib.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.

Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluğundakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

Yol geyiminin konstruksiyası - əsasın alt layı 25 santimetr, əsas lay 20 santimetr, əsasın üst layı 18 santimetr və asfalt beton iki qatda vurulacaq. Həmçinin, 7 santimetr ortadənəli asfalt beton, 5 santimetr xırdadənəli asfalt beton olacaq. Layihənin növbəti ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Xəbəri paylaş