Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi salmağı planlaşdırır.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Belarus və Azərbaycan tikinti sektorunda bir neçə ildir əməkdaşlıq edir:
“Amma indiyədək əsas diqqət şəhərsalma və layihə sənədlərinin işlənib hazırlanmasına, normativ baza və texnologiyaların mübadiləsinə yönəlib.
İndi biz yeni ciddi addımla bağlı razılığa gəldik. Konkret yaşayış məntəqəsini, daha doğrusu kənd təsərrüfatı şəhərciyi kimi yaşayış məntəqsinin salınmasını planlaşdırdıq. Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada insanları təkcə rahat mənzillə deyil, həm də iş yerləri ilə təmin etmək çox vacibdir”.
Onun sözlərinə görə, yaşayış məntəqsi Ağdam rayonunda salınacaq: “Bura 420 ailə üçün nəzərdə tutulub. Onun arxitekturasında Belarus koloritindən istifadə ediləcək”.
“Biz həm mənzil tikintisi, həm də infrastrukturun inşası ilə məşğul olmağı planlaşdırırıq: nəqliyyat, mühəndislik və sosial obyektlər. Bunlar sınaq obyektləri olacaq. Qarşıdakı bir neçə ay ərzində biz artıq həmkarlarımıza onların təsdiq edəcəkləri konsepsiyanı hazırlayıb təqdim edəcəyik və biz bundan sonra da fəal şəkildə işləyəcəyik. Hər şey yaxşı olarsa, yaxın gələcəkdə işimizi daha bir neçə obyektdə genişləndirəcəyik”, - belaruslu nazir qeyd edib.