Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri davam edir.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti mayın 17-də Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Bensaid ilə görüşüb.
Görüşdə Azərbaycan nümayəndə heyətinə nazirliyin media və kommunikasiya sahəsində fəaliyyəti, media sahəsində qanunvericilik və media tənzimləməsi, media qurumlarına dəstək, həmçinin bu sahədə nazirliyin prioritetləri və üzləşdiyi təhdidlər barədə məlumat verilib. Mərakeşli nazir, eyni zamanda, Azərbaycan ilə Mərakeş arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini vurğulayaraq, Azərbaycanla media sahəsində də daha davamlı birgə fəaliyyətlərin və əməkdaşlıq imkanlarının müzakirəsinə açıq olduqlarını ifadə edib.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Agentliyin fəaliyyətinə toxunub, media subyektlərinin və jurnalistlərin fəaliyyətinə dəstək, onların iqtisadi müstəqilliyinin və peşəkarlığının artırılması istiqamətində aparılan işlərə dair ətraflı məlumat verib. Agentliyin bu sahədə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi vurğulanaraq, bir sıra ölkələrlə müvafiq memorandumların imzalandığı qeyd olunub. Cari ilin iyulunda Şuşada sayca 2-ci Qlobal Media Forumunun keçiriləcəyinə dair məlumat verən Əhməd İsmayılov mərakeşli naziri bu tədbirə dəvət edib.
Həmin gün nümayəndə heyətinin Mərakeşin rəsmi dövlət informasiya agentliyi olan “Maghreb Arab Presse”in (MAP) Baş direktoru Fuad Arif ilə də görüşü olub.
Fuad Arif rəhbərlik etdiyi Agentliyin digər ölkələrdən olan analoji qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin icrası imkanlarının nəzərdən keçirilməsində maraqlı olduğunu bildirib. Azərbaycanla əlaqələrə xüsusi önəm verdiklərini deyən MAP-ın rəhbəri cari il avqustun 1-dən etibarən Agentliyin Bakıda daimi müxbirinin fəaliyyət göstərəcəyini vurğulayıb. O, həmçinin iki ölkə arasında daha geniş əməkdaşlıq gündəliyində media sahəsində əlaqələrin dərinləşdirilməsi məsələsinə xüsusi fikir verilməli olduğuna inandığını əlavə edib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev rəhbərlik etdiyi Agentliyin fəaliyyətinə dair məlumat verib, 105 yaşını qeyd etmiş qurumun 8 dildə xəbər yayımladığını və müxtəlif ölkələrdən olan 50-dən artıq xəbər agentliyi ilə əməkdaşlıq etdiyini bildirib.
Vüqar Əliyev MAP-ın Baş direktorunu bu ilin iyulunda keçiriləcək 2-ci Şuşa Qlobal Media Forumuna dəvət edib.
Görüşdə hər iki tərəf əməkdaşlığa dair sazişin imzalanması barədə razılığa gəlib.
Süleyman