Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Belarus arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

Azərbaycanla Belarus arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır


“Azərbaycanla Belarus arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, dostluq və bir-birinə yüksək səviyyədə hörmət prinsiplərinə əsaslanıb. Bu gün iki ölkə arasında bütün istiqamətlərdə ən yüksək səviyyədə əməkdaşlıq mühiti mövcuddur. Elə bir sahə yoxdur ki, həmin istiqamətdə Bakı ilə Belarus arasında əməkdaşlıq olmasın. Yaxud, hansısa elə bir məsələ yoxdur ki, həmin məsələ ilə bağlı iki ölkə arasında fikir ayrılığı olsun. Bir sözlə, Azərbaycanla Belarus arasında bütün parametrlər üzrə əlaqələr mövcuddur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Belarus liderinin mayın 16-da baş tutan dövlət səfəri Bakı ilə Minsk arasında əlaqələrin daha da inkişaf etməsinə, yeni-yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına vəsilə olacaq:

“Səfər çərçivəsində dövlət başçıları arasında keçirilən görüşlər və aparılan danışıqların nəticəsi olaraq imzalanan sənədlər ölkələr arasındakı əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına yol açacaq”.
İqbal Məmmədov deyib ki, Belarusun işğaldan azad edilmiş ərazilərimizdə 420 ailədən ibarət yaşayış məntəqəsi salmasını planlaşdırması da məhz yeni əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir. Millət vəkili səfər zamanı Belarus liderinin Cənab İlham Əliyevlə birlikdə Füzuli və Şuşaya səfər etməsinə də xüsusi diqqət çəkib:

“Diqqət etsək görərik ki, Azərbaycana səfər edən dövlət və hökumət başçılarının əksəriyyətinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu öz-özlüyündə azad edilən ərazilərimizdə yüksək səviyyədə quruculuq-abadlıq işlərinin aparıldığını, “Böyük Qayıdış”ın sürətlə getdiyini dünyaya göstərmək baxımından əhəmiyyətlidir. Azad edilən ərazilərə səfər edən dövlət və hökumət başçıları erməni işğalı dövründəki vandallıqları və işğaldan sonrakı quruculuq-abadlıq işlərini öz gözləri ilə görürlər”.

Millət vəkili Belarusun azad edilən ərazidə 420 ailədən ibarət yaşayış məntəqəsi salmaq istəyini də əsl dostluq və qarşılıq-faydalı əməkdaşlığın bariz nümunəsi kimi xarakterizə edib:

“Ümumiyyətlə, istər işğal dövrü, istərsə də İkinci Qarabağ Müharibəsi zamanı Belarus öz ədalətli mövqeyi ilə Azərbaycana dost olan ölkələr sırasında yer alıb. Minsk hər zaman problemin ərazi bütövlüyünün təmin olunması prizmasından həllinin tərəfdarı olub”.

Süleyman
Xəbəri paylaş